...

Azərbaycanda 270-dək sənaye müəssisəsi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 17:10 (UTC +04:00)

Bakı. Trend:

Ötən il Azərbaycanda 270-dək sənaye müəssisəsi açılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirlikdə geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Qeyd olunub ki, sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb.

Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılıb və dörd rezident tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti "Azertexnolayn" şirkəti dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb.

Bildirilib ki, Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb, 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır. İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümümi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaq. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır.

Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də dəmir filizi hasilatından polad istehsalına qədər bütün istehsal prosesini əhatə edən layihələndirmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti