...

"WorldFood Azerbaijan" sərgisində 200-dən çox şirkət iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2016 18:44 (UTC +04:00)
19-21 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - 22-ci Azərbaycan Beynəlxalq “Qida sənayesi” “WorldFood Azerbaijan 2016” sərgisi keçiriləcək.
"WorldFood Azerbaijan" sərgisində 200-dən çox şirkət iştirak edəcək

Bakı. Trend:

19-21 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - 22-ci Azərbaycan Beynəlxalq "Qida sənayesi" "WorldFood Azerbaijan 2016" sərgisi keçiriləcək.

"Iteca Caspian" şirkətindən Trend-ə verilən məlumata görə, keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan" sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Həmçinin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi uzun illərdir ki, "WorldFood Azerbaijan" sərgisinə yaxından dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Hər il keçirilən "WorldFood Azerbaijan" sərgisində həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər. Belə ki, bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.

Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcəklər.

Həmişə olduğu kimi, bu il də "WorldFood Azerbaijan" sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri keçiriləcək. Bu cür ikitərəfli B2B görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.

Həmin tarixdə keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian-2016 sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.

Məlum olduğu kimi, Azərbaycanın iqtisadi potensialının artırılması və ixrac strukturunun diversifikasiyası üzrə tapşırığın həll edilməsi məqsədilə kənd təsərrüfatı və qida sənayelərinə böyük diqqət göstərilir. Hər il şirkətlərin "WorldFood Azerbaijan" sərgisində təqdim etdikləri yeni texnologiyalar və təcrübə mübadiləsi yüksək keyfiyyətli ixrac məhsullarının istehsalı üçün mühüm şərtdir. Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.

"WorldFood Azerbaijan 2015" sərgisi üzrə statistik göstəricilər:

- İştirakçıların 82%-i sərginin nəticələri əsasında yeni müqavilələr imzalamağı planlaşdırır;
- İştirakçı şirkətlərin 64%-i yeni işgüzar əlaqələrin qurulması baxımımdan uğur qazanıb;
- Peşəkar ziyarətçilərin 93%-i gələn il "WorldFood Azerbaijan" sərgisini mütləq ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti