Əlcəzair. Trend:
İqtisadiyyatın şaxələndirilməsi və məhdud çeşiddə malların, o cümlədən bir xammal resursunun ixracından asılılığın azaldılması İslam İnkişaf Bankının demək olar ki, bütün üzv ölkələri üçün strateji prioritetdir.
Trend xüsusi müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Baş İcraçı Direktoru Adib Əl-Aama Əlcəzairdə İslam İnkişaf Bankının İllik Toplantılarında "Regional tamamlayıcıların açılması: İqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlılığa aparan yol" adlı panel müzakirəsində çıxış edərkən deyib.
"ITFC-də biz bu prioriteti iki əsas şəkildə dəstəkləyirik. Birincisi, şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərini təmin etməkdir. İkincisi, hər bir ölkənin milli prioritetlərinə və ayrı-ayrı sektorların ehtiyaclarına uyğunlaşdırılmış fərdi həllərdir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ITFC öz fəaliyyətinin nəticələrinin qiymətləndirilməsinə də xüsusi diqqət yetirir:
"Biz təkcə gəlir və nəticələri deyil, həm də ümumi təsiri ölçürük. Xüsusilə yerli investisiya layihələrində çoxlu dolayı və ölçmək çətin olan təsirləri nəzərə alsaq, bu heç də asan deyil".
ITFC rəhbəri həmçinin qeyd edib ki, üzv ölkələrdə kiçik və orta sahibkarlar çox vaxt böyük bazarlardan kənarda qalır.
"Bu ölkələrdə həm regional, həm də qlobal ticarət üçün istifadə edilməmiş böyük potensial var. ITFC və digər beynəlxalq qurumların aktiv fəaliyyəti olmadan onlar təcrid olunmuş vəziyyətdə qalacaqlar. Buna görə də biz həm potensialın artırılmasına, həm də ticarətin maliyyələşdirilməsinə diqqət yetiririk", - deyə o əlavə edib.