...

Dövlət Statistika Komitəsi Azərbaycanda qiymətlərin süni şəkildə qaldırıldığını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 15:34 (UTC +04:00)

Azərbaycan Dövlət Statistika Komitəsi respublikada qiymətlərin süni şəkildə qaldırıldığını təsdiq edir. Bu barədə Trend xəbər verir.

2006-cı ilin yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında Dövlət komitəsinin sədri Arif Vəliyevin bildirdiyi kimi, ərzaq mallarının maya dəyərində enerji ehtiyatlarının xüsusi çəkisi 7-8% təşkil edir, müvafiq olaraq tariflərin artımı qiymətlərə cüzi təsir göstərməli idi.

"Belə vəziyyət inflyasiyanın artım templərində əks oluna bilər, çünki sorğu müvafiq qiymətlər üzrə keçirilir. Lakin ölkə başçısının tapşırığı ilə yanvarın 22-də hökumətin iclasında qiymətlərin süni artması faktının aradan qaldırılması üzrə tədbirlərin görülməsi qərarı qəbul olunub. Tariflərin artmasından sonra növbəti gün kartofun qiymətinin 20% artması faktı vəziyyətin qeyri-real olmasından xəbər verir", - deyə A.Vəliyev qeyd edib.

Belə artım zamanı hətta iki rəqəmli inflyasiyaya çatma ehtimalı da istisna olunmur. O ümid edir ki, tədbirlər görüləcək, çünki 2005-ci ilin mart-aprel aylarında qiymətlərin kəskin artması müşahidə olunub, lakin ölkə prezidentinin işitrakı ilə keçirilən iclas və antiinflyasiya tədbirləri üzrə prezident fərmanından sonra qiymətlər aşağı salınıb.

2005-ci illə müqayisədə, 2006-cı ildə istehlak malları və xidmət tariflərinin artım templəri 8,3% təşkil edib. Bu dövrdə ərzaq mallarının qiymətləri 11,9%, qeyri-ərzaq mallarının qiymətləri - 5,3%, xidmət tarifləri isə - 2,6% artıb.

2006-cı ilin dekabr ayında, noyabrla müqayisədə istehlak qiymətlərinin indeksi 2,1%, 2005-ci ilin dekabr ayı ilə müqayisədə - 11,4% artıb. Bu zaman ərzaq mallarının qiymətləri dekabrda müvafiq olaraq 2,8% və 16,1%, qeyri-ərzaq mallarının qiyməti - 1,1% və 7,5%, xidmət sahəsində qiymətlər 1,8% və 4,3% artıb.

Xəbər lenti

Xəbər lenti