...

Türkiyə prezidenti Bakıda "Nabukko" qaz kəməri layihəsinin realizə perspektivlərini müzakirə edəcək

Energetika Materials 11 Noyabr 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir A.Hüseynbala/ Türkiyə prezidenti Abdullah Gül Bakıda, Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşü zamanı "Nabukko" qaz kəmərinin tikintisi layihəsinin realizə perspektivlərini müzakirə edəcək, - Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc çərşənbə axşamı Bakıda mətbuat konfransında bildirib.

Gül, noyabrın 13-14-də Bakıda keçiriləcək Xəzər, Qara və Baltik dəniz regionlarının enerji təhlükəsizliyi məsələləri üzrə IV Sammitdə iştirak edəcək.

Səfirin sözlərinə görə, Türkiyə prezidenti "Nabukko" layihəsinin perspektivlərini Azərbaycanın sənaye və energetika naziri ilə də müzakirə edəcək.

"Türkiyə və Azərbaycan "Nabukko" layihəsinin realizəsinə razılıq veriblər. Lakin bu qaz kəməri layihəsinin realizəsi üçün Türkmənistanın da razılığı lazımdır. Avropa İttifaqının ölkələri bu prosesdə fəal olmalıdırlar", - səfir bildirib.

Tərəflər Bakı sammiti zamanı enerji ehtiyatlarının tədarük mənbələrinin və tranzit yolların diversifikasiyası, həmçinin enerji ehtiyatları bazarının rəqabətqabiliyyətliliyinin artırılması imkanlarını nəzərdən keçirmək niyyətindədirlər.

Birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikinci - 2007-ci ilin noyabrında Litvanın paytaxtında, üçüncü - cari ilin mayında Kiyevdə keçirilib.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac edilməsi nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010-cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti