...

Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinə böyük diqqət ayırır - ARDNŞ

Energetika Materials 13 Oktyabr 2011 12:39 (UTC +04:00)
Azərbaycan ixrac marşrutlarının şaxələndirilməsi nöqteyi-nəzərindən "Cənub qaz dəhlizi" layihəsinə böyük diqqət ayırır.
Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinə böyük diqqət ayırır - ARDNŞ

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan ixrac marşrutlarının şaxələndirilməsi nöqteyi-nəzərindən "Cənub qaz dəhlizi" layihəsinə böyük diqqət ayırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev dünən Avstriyanın iqtisadiyyat, ailə və gənclər federal naziri Reynhold Mitterlenerlə görüşü zamanı bildirib.

"Hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinə hazırlıq prosesi başa çatmaq üzrədir", - Abdullayev deyib.

Avstriyalı qonaq Azərbaycanın həyata keçirdiyi qlobal və regional əhəmiyyətli neft-qaz layihələrini yüksək qiymətləndirib.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Hazırda Gürcüstana və Türkiyəyə qaz Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur.

Avropa energetika sahəsində, o cümlədən "Cənub qaz dəhlizi" çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. O, enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti