...

Prezident: Monteneqro Azərbaycanı uzunmüddətli enerji sabitliyi ilə təmin edəcək

Energetika Materials 17 Dekabr 2013 15:32 (UTC +04:00)
Monteneqro "Cənub Qaz Dəhlizi" kimi iri qaz dəhlizinin hissəsinə çevrilməklə ən etibarlı tədarükçünü uzunmüddətli enerji sabitliyi ilə təmin edəcək.
Prezident: Monteneqro Azərbaycanı uzunmüddətli enerji sabitliyi ilə təmin edəcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir S.Əliyev/

Monteneqro "Cənub Qaz Dəhlizi" kimi iri qaz dəhlizinin hissəsinə çevrilməklə ən etibarlı tədarükçünü uzunmüddətli enerji sabitliyi ilə təmin edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda Monteneqro Prezidenti Filip Vuyanoviç Albaniya, Xorvatiya və Monteneqroya gələcəkdə qaz tədarükləri üzrə anlaşma memorandumunun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, Monteneqro üçün strateji, enerji və iqtisadi baxımdan iri qaz dəhlizinin hissəsi olmaq çox önəmlidir: "Bu dəhliz sayəsində Monteneqroda əlverişli investisiya mühiti yaxşılaşacaq ki, bu da yeni investisiya və tərəfdaşlıq əlaqələri üçün imkanlar yaradacaq".

F.Vuyanoviç qeyd edib ki, bu layihənin həyata keçirilməsi ilə Monteneqroda tikinti və xidmətlə bağlı yeni iş yerləri açılacaq:

"Monteneqro sakinləri və iqtisadiyyatı ucuz enerji mənbəyi əldə edəcəklər ki, bu da iqtisadi şəraiti və əhalinin yaşayış səviyyəsini yaxşılaşdıracaq. Ərazisindən qaz nəql ediləcək ölkə kimi Monteneqro xeyli maliyyə gəlirləri qazanacaq. Memorandumu imzalamış digər ölkələrlə birlikdə Monteneqro nəql yolları və mənbələrinin şaxələndirilməsinə və xüsusilə Cənub-Şərqi Avropaya təhlükəsiz tədarüklərin yüksək səviyyəsinin əldə edilməsinə yönəldilmiş Avropa enerji ictimaiyyətinin məqsədlərinə nail olmağa yardım edir".

Monteneqro Prezidenti, həmçinin Azərbaycana və şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Bundan başqa, F.Vuyanoviç ARDNŞ ilə əməkdaşlıqdan məmnun qaldığını deyib və əlavə edib ki, Monteneqro bununla da möhkəm iqtisadi tərəfdaşlıq qurur. Bununla əlaqədar olaraq, o, ARDNŞ-nin Kumborda kurort zonasında tikdiyi kompleksi xatırladıb. Prezidentin sözlərinə görə, kompleks Adriatik dənizinin sahillərində ən gözəl kurortlardan biri olacaq.

"Cənub Qaz Dəhlizi" növbəti onillik ərzində Avropanın qaza tələbatını təmin etməyi nəzərdə tutan iri layihədir.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul edilib.

"Şahdəniz 2"-nin təsdiq edilməsi layihənin konsepsiyadan birbaşa reallaşdırılması mərhələsinə keçid deməkdir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları (alqı-satqı əməliyyatlarından sonra yeni pay bölgüsü) bunlardır: BP (operator) - 28,8 faiz, Statoil - 15,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, Lukoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 16,7 faiz.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti