Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri "Günəşli" yatağındakı 4-cü özülə və Çilov adasına səfər ediblər.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ-nin prezidenti və onu müşayiət edən şəxslər əvvəlcə 4-cü özüldə yeni inşa edilmiş Qazlift kompressor stansiyasına baş çəkiblər. Bildirilib ki, hazırda "Günəşli" yatağında fəaliyyətdə olan quyulardan sutkada 13300 ton neft hasil olunur və bu quyuların 80 faizi qazlift üsulu ilə istismar edilir. Gələcəkdə qazlift üsulu ilə işləyəcək quyuların sayının və qazlift sisteminə tələb ediləcək gündəlik qaz sərfinin artacağı gözlənilir. Eyni zamanda, lay təzyiqinin azalması nəticəsində qazlift sistemində işləyən quyuların potensialının aşağı düşməsi ehtimalı nəzərə alınaraq, Qazlift kompressor stansiyasının tikintisi həyata keçirilib. Stansiyanın istifadəyə verilməsi qazlift sisteminin daha stabil, eyni zamanda, quyuların yüksək təzyiqli və qurudulmuş işçi agentlə (qazla) təmin edilməsi məqsədi daşıyır ki, bu da mövcud sistemdə olan bir çox problemlərin aradan qaldırılmasına köməklik edəcək. Stansiya hazırda qazlift sistemini təmin edən və yüksək təzyiqə qarşı işləyən 7 qaz quyusunun yüksək təzyiqli nəql sisteminə çevriləcək ki, bunun da nəticəsində böyük həcmdə təbii qaz artımı əldə olunacaq.
"Günəşli" yatağında qazlift sistemini sutkalıq 3 milyon kubmetr 125 atmosfer təzyiqli qazla təmin edəcək Qazlift kompressor stansiyası 4 aqreqatdan (8 turbin və 12 kompressor) ibarətdir. Bunlardan da 1 aqreqat (2 turbin və 3 kompressor) ehtiyatda saxlanılacaq. Hər aqreqatın məhsuldarlığı sutkalıq 1 milyon kubmetr təşkil edir. 6 atmosfer təzyiqlə qəbul edilən qaz əvvəlcə 20 atmosferə, ikinci pillədə 45 atmosferə, üçüncü pillədə isə 125 atmosferə qədər sıxılacaq. Yataqdakı 2, 3 və 4 saylı özüllərdə yerləşən separasiya sistemlərindən ayrılan sutkalıq ümumi həcmi 6,8 milyon kubmetrlik alçaqtəzyiqli qazlar yığılaraq stansiyaya yönəldiləcək.
Stansiyada, həmçinin yığılan səmt qazı yüksək təzyiqli qaza çevriləcək və havaya qazların atılması riski tamamilə aradan qaldırılacaq, artıq qalan qaz isə nəql sisteminə ötürüləcək. Beləliklə, dəniz şəraitində işləyən quyulardan maksimum qazın yığılaraq ölkənin enerji sisteminə verilməsi təmin olunacaq. "Günəşli" yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından stansiyanın əhəmiyyətini vurğulayan R.Abdullayev görülən işlərdən razı qaldığını bildirib, obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirib.
Bundan sonra Çilov adasına gələn ARDNŞ-nin prezidentinə "Neft Daşları"ndakı 48 saylı Qazturbinli elektrik stansiyasından adaya çəkilən 35 kV-luq kabel xətti və adada inşa edilmiş müasir tipli qapalı 35/6 kV-luq yarımstansiya barədə məlumat verilibr. Qeyd olunub ki, indiyədək Çilov adasını enerji ilə təmin edən Pirallahı-Damba arası hava xətti uzun müddət istismar edildiyindən, küləkli hava şəraitində və xüsusən, payız-qış mövsümündə qəza hallarının artmasına səbəb olur və adada elektrik enerjisinin təminatında fasilələr yaranırdı. Bu isə öz növbəsində, Çilov adasında yerləşən istehsalat obyektlərində, adaətrafı dəniz özüllərində iş ahənginin pozulmasına, texnoloji proseslərdə müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Yeni yarımstansiya bütün bu çətinlikləri aradan qaldıracaq, Çilov adasının enerji ilə təminatını "Bakıelektrikşəbəkə" sisteminə qoşulmadan həyata keçirməyə imkan yaradacaq.
Yarımstansiyanın həyətində yaradılmış bağçada ağac əkən R.Abdullayev Çilov adasında yerləşən istehsalat sahələrinin, yaşayış komplekslərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin edilməsi, bu enerjinin əldə edilməsi üçün çəkilən xərclərin azaldılması, yarımstansiyada aparılacaq əməliyyatların tam qapalı və təhlükəsiz şəkildə həyata keçirilməsi baxımından bu infrastrukturun böyük əhəmiyyət daşıdığını vurğulayıb, eyni zamanda neftçilərin istirahət parkının da açılışını yüksək qiymətləndirib. O, adanın sosial-iqtisadi inkişafı istiqamətində aparılan tədbirlərin təqdirəlayiq olduğunu bildirib. ARDNŞ-nin prezidenti Çilov adasının inkişafı üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.