...

Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğruldub

Energetika Materials 27 Sentyabr 2014 05:51 (UTC +04:00)
Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğruldub.
Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğruldub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğruldub. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov şənbə günü BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.

Azərbaycan qlobal davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə və 2015-ci ildən sonrakı İnkişaf gündəliyi ilə əlaqədar razılığın əldə edilməsinə öz öhdəliyini bir daha təsdiq edir, nazir qeyd edib.

Elmar Məmmədyarovun bildirdiyinə görə, minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsində mənim ölkəmin əldə etdiyi nəticələr unikaldır. Son on il ərzində Azərbaycanın ümum daxili məhsulu 3.4 dəfə artmışdır. Hal-hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini əhatə edir. Mükəmməl yüksək iqtisadi artım göstəriciləri mövcud resurslarının düşünülmüş formada istifadəsi və sosial əsaslı bazar iqtisadiyyatına sürətli keçid əsasında baş vermişdir. Yoxsulluq göstəricisi 2004-cü ildə 49 faizdən 2014-cü ildə 5.3 faizə düşmüşdür. Eyni dövr ərzində işsizlik dərəcəsi 10.6 faizdən 5 faizə düşmüşdür.

Hökumət tərəfindən idarəetmənin təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin və ictimai xidmətlərə asanlaşdırılmış çıxışın təmin olunması, bərabərhüquqlu və hamını əhatə edən təhsil, gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sərfəli enerjiyə çıxışın təmin edilməsi və ətraf mühitin mühafizəsi kimi sahələrdə irimiqyaslı proqramlar həyata keçirilir, nazir deyib.

XİN rəhbərinin sözlərinə görə, milli səviyyədə sürətli inkişaf Azərbaycana inkişaf edən donor statusunda rəsmi olaraq inkişafa yardım etmək imkanı vermişdir. Son illərdə Azərbaycan yeni təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi-AİDA vasitəsilə inkişaf etməkdə olan dövlətlərin humanitar və sosial-iqtisadi problemlərinin həllində iştirak etməkdə davam edir.

Beynəlxalq inkişafa yardım fəaliyyəti ictimaiyyətimiz tərəfindən də geniş dəstəklənir. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxsaylı sosial, humanitar və inkişaf layihələri həyata keçirmişdir.

Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğrultmuşdur. Bu günlərdə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi Azərbaycanda keçirilmişdir. Bu 50 milyardlıq layihə çərçivəsində Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri sisteminin tikilməsi nəzərdə tutulmuşdur. Bu xətlər Azərbaycanda tamamilə yeni mənbədən qazın Avropaya çatdırılmasına imkan verəcəkdir, Məmmədyarov qeyd edib.

Azərbaycanın təşəbbüsü olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi region ölkələrini informasiya-kommunikasiya xidmətləri ilə təmin edəcək, internetə çıxışı sadələşdirəcək, region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və "e-info" sistemləri ilə təmin edəcəkdir.

Elmar Məmmədyarovun bildirdiyinə görə, davamlı inkişafın önəmli mexanizmi kimi nəqliyyatın kəsb etdiyi dəyəri qiymətləndirərək, Azərbaycan müvəffəqiyyətlə bir neçə regional infrastruktur layihələrini həyata keçirməyə başlamışdır. Bakı-Tbilisi-Qars dəmiryolu Avropa və Asiyanı birləşdirən vacib xətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti