...

SOCAR "Azəri-Çıraq-Günəşli" blokundan hasil olunan mənfəət neftinin həcmini açıqladı

Energetika Materials 29 Aprel 2015 16:44 (UTC +04:00)
1997-ci ilin noyabr ayından indiyə kimi Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 365 milyon ton neft hasil olunub.
SOCAR "Azəri-Çıraq-Günəşli" blokundan hasil olunan mənfəət neftinin həcmini açıqladı

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

1997-ci ilin noyabr ayından indiyə kimi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 365 milyon ton neft hasil olunub ki, bunun da 198 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə bildirib ki, bu dövt ərzində (1997-ci ildən) AÇG blokundan hasil edilən səmt qazı 107 milyard kubmetr olub: "Gündəlik hasilat 90 min ton neft və 35 milyon kubmetr qaz təşkil edir".

Onun sözlərinə görə, yataqlarda 88 quyu fəaliyyət göstərir: "Mənfəət neftinin həcmi ildən-ilə artır. Məsələn, ilk illərdə vəsaitlər kapital qoyuluşlarına gedirdi. Ötən il AÇG-də 34 milyon ton neft hasil olunub ki, onun təxminən 70 faizi - 22,5 milyon tonu Azərbaycan üçün mənfəət nefti olub".

Vitse-prezident qeyd edib ki, Azərbaycanın ixrac etdiyi 373 milyon ton neftdən 271 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb.

O, həmçinin əlavə edib ki, "Şahdəniz" yatağının istismarından indiyədək bu yataqdan 61 milyard kubmetr qaz və 16 milyon ton kondensat hasil olunub: "Bu yataqda təbii qaz ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat qiymətləndirilir. Dünyanın heç bir yerində belə böyük təbii qaz ehtiyatlarına malik dəniz yatağı yoxdur. Yataqda 6 quyu işləyir ki, onlardan gündə 29 milyon kubmetr qaz hasil olunur. Əldə olunan qaz nəinki daxili tələbata yönəldilir, hətta Gürcüstan və Türkiyəyə ixrac olunur".

X.Yusifzadənin sözlərinə görə, bu gün Azərbaycan qazının ixracının ümumi həcmi 33 milyard kubmetr təşkil edir, bundan 4,5 milyard kubmetr Gürcüstana ixracın payına düşür.

O, Azərbaycanın 2 milyard ton neft, 2,55 trilyon qaz ehtiyatına malik olduğunu, proqnozlaşdırılan qaz ehtiyatının isə 6 milyard kubmetr olduğunu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti