Bakı. Trend:
"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi yataqlarda hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 124, 277, 282, 477, 607 və 674 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri uğurla başa çatdırılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilmiş təmir-bərpa işləri zamanı meydançaların korroziyaya uğramış hissələri dəyişdirilərək yeniləri ilə əvəz olunub, 363 ədəd müxtəlif ölçülü svay vurulub, 39 ədəd metal lövhə hazırlanıb, ümumilikdə 5720 kvadratmetrlik sahə əsaslı təmir edilib. Bunlardan başqa, estakadayanı meydançalar məhəccər çəpərlərlə əhatələnib, yeni işıqlandırma sistemləri ilə təchiz olunub.
Mədənlərarası və meydançalararası əlaqələri yaxşılaşdırmaq, əməyin mühafizəsini və təhlükəsiz iş şəraitini təmin etmək üçün mövcud infrastrukturlarda yenidənqurma işlərinin bundan sonra da aparılması nəzərdə tutulur.