...

Neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür

Energetika Materials 10 Dekabr 2025 13:06 (UTC +04:00)
Neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP) məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.

Trend xəbər verir ki, bunu "Emerson" şirkətinin Azərbaycan və Türkiyə üzrə təhlükəsizlik həlləri satış mühəndisi Bilgehan Karakuş bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbirində çıxışı zamanı deyib.

Şirkət nümayəndəsi neft-qaz sənayesində korroziya risklərinin idarə olunmasında mövcud yanaşmaların üstünlükləri və çatışmazlıqları barədə məlumat verib. O bildirib ki, CAPEX (kapital xərcləri) yanaşması çərçivəsində korroziyaya daha davamlı metallardan istifadə etmək mümkündür:

"OPEX (operativ xərclər) baxımından isə müxtəlif inhibitorlardan yararlanmaq olar. Lakin mütəxəssisin fikrincə, bu yanaşmaların heç biri problemin tam həlli deyil. Korroziya və eroziya prosesləri monitorinq olunmadıqda, istehsal təhlükəsizlik məqsədilə maksimum tutumdan aşağı səviyyədə saxlanılır və bu da prosesin suboptimal işləməsinə səbəb olur. Nəticədə, gözlənilməz dayanmalara rast gəlinir ki, bu da şirkətlərə milyonlarla dollar zərər vura bilər. Bəzi hallarda bu cür dayanmalər təkrarlanır, çünki ardıcıl olaraq yeni sızmalar aşkar edilir".

"Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP) məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.
Mütəxəssis bildirib ki, effektiv həll yolu risklərin monitorinqindən başlanır. Bu sahədə qaz sızmasının aşkarlanması, boru daxilində quraşdırılan korroziya zondları, kuponlar, eləcə də ER və LPR (elektrorezi̇sti̇vli̇k və xətti poliarizasiya müqaviməti) metodlarından istifadə edilə bilər. Bu üsullar boru kəmərinin daxilindəki korroziya səviyyəsini müəyyən etməyə imkan verir", - Bilgehan Karakuş vurğulayıb.

O qeyd edib ki, “Emerson”un isə ən effektiv hesab etdiyi həll qeyri-invaziv ultrasəs divar qalınlığı ölçmə (UT) texnologiyasıdır:

"Bu həll onlayn və simsiz formada tətbiq olunur. UT ölçmələri vasitəsilə borunun divar qalınlığı, korroziya sürəti və istismar müddətinin sonuna qədər qalan resurs müəyyən edilir.

Bundan əlavə, mövcud ölçmələr analitik platformalara, o cümlədən "AspenTech" proqram təminatına inteqrasiya oluna bilər. Buraya pH göstəriciləri, təzyiq, temperatur və xəttdaxili korroziya zondlarından alınan məlumatlar da əlavə olunur. Nəticədə daha geniş analiz və dəqiq proqnozlar əldə edilir.
Analitik nəticələr korroziya mühəndisləri, texniki xidmət mütəxəssisləri, proses mühəndisləri və qurğu menecerləri üçün fərqli ekran və hesabatlar şəklində təqdim olunur. Məsələn, korroziya mühəndisləri əsasən texniki göstəricilərlə maraqlanırsa, qurğu menecerləri üçün xərclər, itkilər, investisiya gəlirliliyi və istehsalın nə vaxt dayandırılmalı olduğu daha önəmli ola bilər".

Mütəxəssis yekunda vurğulayıb ki, bu yanaşma korroziya risklərinin real vaxt rejimində idarə olunmasına, planlaşdırılmamış dayanmaların azalmasına və ümumilikdə istehsalın daha təhlükəsiz və səmərəli təşkilinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti