Bakı. Trend:
Korroziyaya nəzarət boru kəmərinin təhlükəsizliyi və bütövlüyünün təmin edilməsi üzrə proqramımızın əsasını təşkil edir.
Trend xəbər verir ki, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) korroziya və katod mühafizəsi (CP) sahəsində inteqrasiya üzrə baş mühəndis Erkin Aksu bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” adlı beynəlxalq konfransda bildirib.
“Risklərin idarə edilməsi (RBI) yanaşması çərçivəsində katod mühafizəsi ölçmələri, xətt üzrə təftiş məlumatları və boru kəməri marşrutundakı torpağın növü nəzərə alınmaqla korroziya riski qiymətləndirilir. Bu məlumatlar əsasında risk matriksi formalaşdırılır ki, bu da baxış tələb edən sahələri və onların tezliyini müəyyən etməyə imkan verir. Belə yanaşma xərclərin optimallaşdırılmasına və aktivlərin xidmət müddətinin uzadılmasına kömək edir”, – deyə o bildirib.
E.Aksunun sözlərinə görə, uzunməsafəli boru kəmərləri üçün əsas çağırışlar daxili və xarici korroziya, eləcə də örtüyün deqradasiyasıdır.
“Bu proseslərin vaxtında idarə olunmaması qəzalara, istehsalın dayandırılmasına, ekoloji problemlərə və ciddi maliyyə itkilərinə gətirib çıxara bilər. TANAP mühəndisləri örtük və katod mühafizəsi sistemlərinin işini mütəmadi olaraq izləyir, sahə ölçmələri və xarici baxışları əlaqələndirir, xətt üzrə təftiş məlumatlarını xarici korroziya və metal itkisi baxımından təhlil edirlər. Bütün nəticələr GIS platforması vasitəsilə rəqəmsal formatda izlənilir”, – deyə o qeyd edib.
