Bakı. Trend:
Avropa İnvestisiya Bankı (EIB) COP29-un uğurlu nəticəsinə səbəb olmaq üçün tədbirin hazırlığında iştirak edir.
Bu barədə Trend-ə özəl müsahibəsində EIB-in vitse-prezidenti Tereza Çervinska deyib.
"EIB Avropa İttifaqının (Aİ) İqlim bankı olaraq, "yaşıl" enerji və "yaşıl" nəqliyyat kimi iqlim dəyişmələrinin nəticələrini yüngülləşdirmək üzrə layihələri, eləcə də, iqlim dəyişmələrinə adaptasiya layihələrini dəstəkləməklə iqlim maliyyələşdirməsinin ən böyük təchizatçılarından biridir.
Bir qrup çoxtərəfli inkişaf bankı ilə birlikdə 2024-cü ilin noyabrında bu iqlim sammitinin uğurlu nəticələrinə töhfə vermək üçün COP29-un hazırlığında iştirak edirik. Bu aspektlər bu ilin aprelində Vaşinqtonda EIB prezidenti Nadia Kalvinyo və COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən müzakirə olunub", - deyə o bildirib.
T.Çervinska EIB-in gənc sahibkarlara, biznesdəki qadınlara və kənd bölgələrinə xüsusi diqqət yetirməklə İqtisadi İnvestisiya Planının mikro, kiçik və orta biznes (MKOB) müəssisələrinə çıxış imkanının yaxşılaşdırılması kimi flaqman təşəbbüslər irəli sürməyə çalışdığını qeyd edib.
"Cənubi Qafqazda MKOB ilə iş üzrə təşəbbüsümüz regionda 26500-ə yaxın iş yeri açmağa və dəstəkləməyə kömək göstərməklə, özəl sektorun stimullaşdırdığı iqtisadi artıma imkan yaradacaq. Bu təşəbbüs çərçivəsində bu yaxında Bank Respublika ilə əlverişli kredit şərtləri, o cümlədən, uzunmüddətli maliyyələşdirmə ilə MKOB-un maliyyələşdirilməsi üçün 10 milyon avro dəyərində kredit sazişi imzaladıq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, EIB Global maliyyələşdirmə ilə yanaşı, layihələrin hazırlığı və reallaşdırılması üçün konsultativ dəstək və texniki yardım göstərir.
"Hazırda Orta Dəhlizdə Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) mühüm halqası olan Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində həmsəviyyəli keçidlərdə təhlükəsizliyin artırılması üzrə konsultasiya dəstəyi göstəririk. Bu dəstək "Azərbaycan Dəmir Yolları" QSC-yə tədbirlərin təhlili və prioritetləşdirilməsində, eləcə də, müvafiq layihə tədqiqatlarının həcminin müəyyən edilməsində kömək edir.
EIB bu dəstəyi Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı çərçivəsində təmin edir. Aİ tərəfindən maliyyələşdirilən və "JASPERS" konsultasiya proqramımız tərəfindən idarə olunan EPIC Şərq Tərəfdaşlığı ölkələrinə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün pulsuz konsultasiya dəstəyi və texniki yardım təklif edir", - deyə Çervinska əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)