...

"İstehlakçı-istehsalçı" konsepsiyasının tətbiqi Azərbaycanın bütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcək - Rəna Hümbətova

Yaşıl iqtisadiyyat Materials 4 Oktyabr 2024 13:43 (UTC +04:00)
"İstehlakçı-istehsalçı" konsepsiyasının tətbiqi Azərbaycanın bütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcək - Rəna Hümbətova
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"İstehlakçı-istehsalçı" konsepsiyasının tətbiqi Azərbaycanın bütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcək və bu, kompleks yanaşma tələb edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakıda keçirilən “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son günündə "İstixana qazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, istixana qazı emissiyaları ətraf mühitin əsas çirkləndirici mənbəyi olaraq qalır və bu tullantıların azaldılmasının əsas istiqamətlərindən biri günəş enerjisindən və böyük məlumatlardan aktiv istifadənin təmin edilməsidir.

"Bərpa olunan enerji mənbələrinin uğurlu inkişafı üçün 3 əsas yanaşma mövcuddur. Birincisi, günəş və külək texnologiyalarının inteqrasiyasıdır. İkincisi, böyük məlumatlar əsasında onların istehsalının proqnozlaşdırılmasıdır. Nəhayət, enerji tələbatının və istehlakının idarə olunmasıdır. Bu məlumatlardan istifadə yalnız gələcək istehsal həcmlərini dəqiq qiymətləndirməyə imkan vermir, həm də elektrik enerjisinin istehlakını səmərəli idarə etməyə kömək edir.

Bütün bu məlumatlar nəhəng bir məlumat bazasıdır və onun dəqiq emal olunması vacibdir. Lakin ənənəvi mühəndislik metodları artıq bu tip məsələlərin həlli üçün kifayət deyil. Bu zaman süni intellekt köməyə gəlir, çünki o, belə problemlərin öhdəsindən gələ bilir", – R.Hümbətova bildirib.

O, texnoloji yetkinlik və istifadə olunan məlumatların keyfiyyətinin vacibliyini də vurğulayıb.

"Agentliyin strategiyasında, xüsusilə mütəxəssislərin hazırlanması və onların bacarıqlarının artırılması kontekstində kibertəhlükəsizlik mühüm yer tutur. İnkişaf etmiş insan kapitalı olmadan bu layihələrin heç birinin həyata keçirilməsi mümkün deyil", – şöbə müdiri əlavə edib.

R.Hümbətova istehlakçı-istehsalçı (prosumer) konsepsiyasının tətbiqinə toxunub və qeyd edib ki, bu istehlakçılar 1000 kVt-a qədər enerji istehsal edə və artıqlığını şəbəkəyə sata bilərlər.

"Bu, ölkənin bütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcək və bu kompleks yanaşma tələb edir. Biz bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi proqramımıza mühüm elementləri daxil etmişik və bu prosesə bir çox şirkət cəlb olunub", – o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti