Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Aztelekom" İstehsalat Birliyi (İB) kommersiya internet-servis-provayderlərinə özlərinin telekommunikasiya infrastrukturunun regional səviyyədə biznesin genişləndirilməsi üçün pulsuz istifadəsi imkanını təklif edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İB-nin məlumatında deyilir.
Operatorun telekommunikasiya infrastrukturu Azərbaycanın istənilən nöqtəsində, o cümlədən respublikanın təklifin tələbatı ödəmədiyi çətinliklə gedilə bilən yaşayış məntəqələrində genişzolaqlı internet xidməti göstərməyə imkan verir.
Operatorun əsas məqsədi uzaq yaşayış məntəqələrində üstünlük təşkil etməklə regional səviyyədə kommersiya provayderlərinin stimullaşdırılmasıdır. Bu da respublikada genişzolaqlı internetin daha da inkişafına kömək edir.
Məlumata əsasən, kommersiya provayderləri çətin gedilə bilən yaşayış məntəqələrində biznesin genişləndirilməsində maraqlı deyillər. Operatorun özü isə qısa müddətdə uzaq əraziləri genişzolaqlı internetə girişlə təmin etmək vəziyyətində deyil.
Bu məqsədlə "Aztelekom" bir sıra kommersiya provayderlərinin ("Alfanet", "Avirtel", "AzStarNet", "Azeronline", "AzEduNet", "AzDataKom", "Data Plus", VİP-NET, "Caspel", "Qlobal", "Q-Telekom", "Smart", "TransEvroKom", "Uninet", "Qlobalnet" və s.) nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərin yekunu olaraq, İB-nin mütəxəssislərinin və özəl provayderlərin iştirakı ilə işçi qrupunun yaradılması barədə qərar qəbul edilib. Həmçinin, ilkin şərtlər razılaşdırıldıqdan sonra müzakirələrin davam etdirilməsi qəbul edilib.