...

Azərbaycanda iki mobil rabitə operatoru 4G-yə keçmək niyyətindədir

Telekommunikasiya Materials 3 Dekabr 2014 17:46 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorları "Azerfon" və "Bakcell" LTE şəbəkələrinin işə salınmasına görə icazə almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Azərbaycanda iki mobil rabitə operatoru 4G-yə keçmək niyyətindədir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları "Azerfon" və "Bakcell" LTE şəbəkələrinin işə salınmasına görə icazə almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov "BakuTel-2014" telekommunikasiya sərgisi çərçivəsində keçirilən "e-Gov3.0" konfransında deyib.

Onun sözlərinə görə, hazırda yalnız "Azercell" operatoru şəbəkəni işə salıb və digər iki operatorun sənədləşmə işlərinin hazır olmasından asılı olaraq, onların şəbəkələri də kommersiya istismarına veriləcək.

Nazir müavini qeyd edib ki, respublikada mobil rabitəyə giriş səviyyəsi artıq 110 faizi ötüb.

İKT sektoru son 10 ildə 20-25 faiz artım nümayiş etdirib və bu dövrdə sektor 6 dəfə artıb.

İ.Məmmədov əlavə edib ki, Azərbaycan bu sahənin inkişaf tempi üzrə dünyada lider mövqelərdən birini tutur: "Demək olar ki, bu il artım tempi ötən illərdəki səviyyədə olacaq və daha da artıq ola bilər. Ümumilikdə ötən dövr ərzində ölkənin İKT sektoruna 3 milyard dollar vəsait qoyulub".

O bildirib ki, Azərbaycan MDB-də 2008-ci ildə əhalinin telefonlaşdırılmasını tam başa çatdıran ilk ölkədir. Hazırda telefon stansiyalarının NGN şəbəkəsinə köçürülməsi üzrə işlər davam edir. NGN şəbəkəsinin xüsusi çəkisi təqribən 40 faiz təşkil edir.

İ.Məmmədov vurğulayıb ki, internet xidmətləri bazarı yüksək templə inkişaf edir. Azərbaycanda internetə giriş səviyyəsi 75 faizə çatır, bunun 55 faizi genişzolaqlı qoşulmaların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti