...

Azərbaycanlı tələbə ABŞ-da hakerlər marafonunda iştirak edib (FOTO/VİDEO)

Telekommunikasiya Materials 29 Aprel 2019 19:58 (UTC +04:00)
Züleyxa İbad Boston Universitetində keçirilmiş qadınlar üçün “TechTogether Boston” hakatonunda iştirak edib.
Azərbaycanlı tələbə ABŞ-da hakerlər marafonunda iştirak edib (FOTO/VİDEO)

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin IV kurs tələbəsi Züleyxa İbad Boston Universitetində keçirilmiş qadınlar üçün “TechTogether Boston” hakatonunda iştirak edib.

Trend-in məlumatına görə, səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin köməkliyi ilə təşkil olunub.

“TechTogether Boston” dünyada qadınlar üçün təşkil olunan ən böyük hakatonlardan biridir. Forum iştirakçılarına öz ideyalarını 36 saat ərzində həyata keçirmələri üçün imkan verilir.

Layihənin təşkilatçıları deyirlər ki, qadınların öz arzularını reallığa çevirmələri üçün onlara lazım olan resurslarla 36 saat ərzində təmin edilirlər: “Bunun üçün heç bir təcrübə tələb olunmur, təkcə texnologiyaların həyəcanlandırıcı dünyasını öyrənmək həvəsi kifayət edir. Lazımi qədər hazırlığı olmayan bir çox insanda texnologiyalar dünyası ilə tanış olmağa həvəs oyandırmaq üçün inklüziv mühit yaratmağa, eləcə də özümüzün layihə və yenilikçi məhsullarımızın hazırlanması üçün biliklərimizdən istifadə etməyə çalışırıq.

Hakaton (hackathon) ingilis dilindəki “hack” (haker) və “marathon” (marafon) sözlərinin birləşməsindən əmələ gəlib. Amma bunun problemli haker hücumları ilə heç bir əlaqəsi yoxdur. Bu, işləmçilər üçün texnoloji müsabiqədir. İnformasiya texnologiyaları üzrə mütəxəssislər müsabiqə zamanı hər hansı bir tapşırığın həlli üzərində birgə işləyirlər. Burada yaradıcı insanlar toplaşırlar, onlar üçün təqdim edilən mövzu maraqlıdır, qarşıya qoyulan problemi həll etmək istəyirlər və edə də bilərlər. Hakaton işləmçilərin forumudur. Proqram təminatının hazırlanması üzrə müxtəlif sahələrin mütəxəssisləri (proqramçılar, dizaynerlər, menecerlər) forum zamanı hər hansı bir problemin həlli üzərində birlikdə işləyirlər. Adətən hakatonlar bir gündən bir həftəyədək davam edir. Bəzi hakatonlar maarifləndirmə və ya sosial məqsədlər üçün nəzərdə tutulub, lakin əksər hallarda hakatonların vəzifəsi dolğun proqram təminatının hazırlanmasıdır. Hər bir hakaton müəyyən sahəyə, məsələn, proqramlaşdırma dilinə, əməliyyat sisteminə, tətbiqə, proqram interfeysinə cəmləşib.

Termin 1999-cu ildə əmələ gəlib, 2000-ci illərin ortalarında isə hakatonlar Silisium vadisində geniş şəkildə yayılıb. ABŞ-da sənayenin praktiki olaraq bütün liderləri miqyaslı hakatonlar keçirirlər. Onları “Facebook”, “Google” və “TechCrunch” təşkil edirlər. Məsələn, 2010-cu ildə “TechCrunch” hakatonlarından biri çərçivəsində yaradılmış “GroupMe” tətbiqi sonradan “Skype”a 85 milyon dollara satılıb.

Hakatonlar necə keçirilir

Bir qayda olaraq, belə tədbirlər ümumi tanışlıq təqdimatı ilə başlayır, eləcə də toplanışların konkret məqsədləri səsləndirilir
Sonra iştirakçılar öz ideyalarını irəli sürürlər və komandalar təşkil edilir, onlar ümumi maraqlar və bacarıqlara uyğun formalaşdırılır
Ardından komandalar bilavasitə öz layihələri üzərində işləməyə başlayırlar. Bu cür iş bir neçə saatdan bir neçə günədək uzana bilər. Maraqlıdır ki, iştirakçılar burada yer tapsalar hətta yatırlar.
Layihələr tədqiq olunduqdan sonra komandalar öz nailiyyət və nəticələrini təqdim edirlər. Çox vaxt bütün bunlar yarışlar qismində təqdim olunur, yarışda qalibləri müəyyənləşdirən və hədiyyələr verən münsiflər heyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti