...

Əsas məsələ Rusiya Prezidentinin təkliflərinin mahiyyətidir - politoloq

Nəzər nöqtəsi Materials 11 İyul 2011 13:33 (UTC +04:00)
Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Bakı və Yerevana təqdim olunmuş təkliflərində problemin həlli üçün hansısa yeni nüanslar öz əksini tapmalıdır...
Əsas məsələ Rusiya Prezidentinin təkliflərinin mahiyyətidir - politoloq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir S.Ağayeva/

Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Bakı və Yerevana təqdim olunmuş təkliflərində problemin həlli üçün hansısa yeni nüanslar öz əksini tapmalıdır, əks halda heç bir irəliləyiş gözləməyə dəyməz. Azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov bildirib.

"Əgər orada bütün bundan əvvəlki görüşlər ərzində olanlar təkrar olunacaqsa, onda heç bir nəticə olmayacaq", - politoloq deyib.

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.

Politoloqun sözlərinə görə, Azərbaycana əvvəlcədən əlverişsiz və yerinə yetirilməsi mümkün olmayan şərtlər diqtə etmək olmaz. "Biz erməni tərəfinin bizə təklif etdiyi və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin sükutla dəstəklədiyi Dağlıq Qarabağın hansısa müstəqillik statusu ilə razılaşa bilmərik", - Sadıxov bildirib.

O qeyd edib ki, Rusiya son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolunu kifayət qədər aktivləşdirib, lakin bu o demək deyil ki, müsbət nəticələr göz önündədir. Rusiya şübhəsiz ki, Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır, lakin görünür, Ermənistanın maraqlarının məhdudlaşdırılması hesabına yox.

"Azərbaycan, doğrusu, kiminsə maraqlarının sıxışdırılmasında maraqlı deyil, bu mərhələdə Azərbaycana Dağlıq Qarabağ ətrafındakı yeddi işğal olunmuş ərazinin azad edilməsi lazımdır. Bu, Azərbaycanın onun heç vaxt imtina etməyəcəyi əsas şərti və tələbidir", - Sadıxov deyib.

Politoloqun sözlərinə görə, əgər Medvedev Rusiyada prezident seçkiləri kampaniyasının başlamasından əvvəl münaqişənin nizamlanmasına yardım etməyi bacaran sülhməramlı qismində öz reytinqinin yüksəlməsində maraqlıdırsa, prosesin irəliləməsi üçün hansısa yeni nüanslar və notlar daxil etməlidir.

"Azərbaycan erməni milli azlığına Avropa variantı təklif etməklə, Azərbaycanın tərkibində kifayət qədər əlverişli yaşayış şərtləri təklif edir. Ona görə də inanmaq istərdim ki, bu məktubda prosesi ölü nöqtədən tərpədə biləcək yeni fikirlər və yeni nüanslar var", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti