...

PKK və Suriya "inqilabı"

Nəzər nöqtəsi Materials 15 Avqust 2011 15:04 (UTC +04:00)
Ramazan ayının başlaması ilə Suriyada vəziyyətin nisbətən stabilləşəcəyi gözlənilsə də, baş verən hadisələr bir daha sübut etdi ki, nə hakimiyyət, nə də xalq bir-birinə güzəştə getmək niyyətindədir.
PKK və Suriya "inqilabı"

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Ramazan ayının başlaması ilə Suriyada vəziyyətin nisbətən stabilləşəcəyi gözlənilsə də, baş verən hadisələr bir daha sübut etdi ki, nə hakimiyyət, nə də xalq bir-birinə güzəştə getmək niyyətindədir.

Məhz Ramazanın ilk günlərində Suriya üsyanının rəmzi hesab edilən Həma şəhərində ordu ilə nümayişçilər arasında baş verən toqquşmada 145 nəfər qətlə yetirildi.

Suriyada baş verən hadisələrə etiraz olaraq, körfəz dövlətlərindən olan Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırdılar.

Adıçəkilən ölkələrdən fərqli olaraq, Türkiyə problemin həlli istiqamətində addımlar atsa da, bunun heç bir effekti olmadı.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın baş verənlərlə əlaqədar "Səbrimiz tükəndi" bəyanatı ilə çıxış etməsi Ankaranın Suriyaya hərbi müdaxilə edəcəyi kimi anlaşılsa da, Ankara Dəməşqə XİN rəhbəri Davudoğlu ilə mesaj göndərməklə kifayətləndi.

Davudoğlunun Suriyaya səfəri öncəsi isə Prezident Bəşşar Əsədin sözçüsü Buseyna Şaban "Ankaraya sərt mesaj verəcəyik" bəyanatı ilə çıxış etdi.

Rəsmi Dəməşqin belə bir bəyanatla çıxış etməsi heç şübhəsiz ki, Suriya ərazisindəki PKK terrorçularının Türkiyə əleyhinə daha da aktivləşdiriləcəyindən xəbər verirdi.

Bu faktı Dəməşq, Ankara, eləcə də regionda Suriya ərazisini öz blokpostu kimi görən və buna görə də Əsəd rejiminə hər cür dəstək verən Tehran yaxşı bilirdi.

Suriyada baş verən hadisələrin digər ərəb ölkələrindən tam fərqli olması və bu ölkədə Qərblə yanaşı, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə və İranın maraqlarının toqquşması problemin həllini daha da çətinləşdirir.

Nə qədər maraqlı olsa da, sadalanan dövlətlərin Suriyada maraqları bəzi məqamlarda həm üst-üstə düşür, həm də fərqlənir.

Suriyada baş verən hadisələrdə maraqları üst-üstə düşən iki dövlətdən biri İran, digəri isə qismən də olsa, İsraildir.

İranın bu ölkədə maraqlarına gəlincə, aydındır ki, İran Suriya dəhlizi vasitəsi ilə Livanda "dövlət içində dövlət" statusu olan "Hizbullah" təşkilatını dəstəkləyir.

Bununla yanaşı, Suriyada rejimin dəyişməsi, "Şiə ayparası"nın bir hissəsinin Tehranın nəzarətindən çıxması ilə nəticələnəcək ki, bu da regionda İranın zəifləməsinə səbəb ola bilər.

Bu məsələdə Tel-Əvivə gəlincə isə, Suriyada yeni və hədəfləri bəlli olmayan siyasi elitanın formalaşması istisnasız olaraq Əsəd rejiminə qarşı yetərincə "immuniteti" olan İsrail hökumətinin maraqlarına xidmət etmir. Çünki Bəşşar Əsəd nə qədər qəzəbli düşmən obrazı yaratsa da, Colan yüksəklikləri məsələsində İsrailə qarşı ciddi addım atmayıb.

Suriya hadisələrində Səudiyyə Ərəbistanı və Türkiyənin maraqlarına gəlincə, hər iki ölkə Əsəd rejiminin tez bir zamanda dəyişməsində maraqlıdır. Lakin Ankaranın bu məsələdə fəallıq göstərməsi Səudiyyə Krallığının maraq dairəsində deyil. Çünki Əsəd rejimindən sonra qurulacağı ehtimal edilən siyasi partiyaların ən yaxın siyasi model olaraq Türkiyə modelini tətbiq edəcəkləri güman olunur.

Əgər Suriyada Bəşşar Əsəd rejimindən sonra Türkiyə modeli tətbiq edilsə, bu Ankaranın regiondakı rolunu daha da gücləndirəcək.

Suriyada baş verən hadisələr ölkə Prezidenti Bəşşar Əsədin hakimiyyətinə qarşı yönəlsə də, baş verənlər Livana da təsirsiz ötüşmədi. Hər zaman zülmə qarşı mübarizə aparan və bir çox müsəlmanlar tərəfindən İsrailə qarşı mübarizə simvolu hesab edilən "Hizbullah" lideri Həsən Nəsrullahın Suriyada baş verənlərə səssiz qalması "əfsanəvi lider"in nüfuzuna zərbə vurdu və Bəşşar rejimindən əvvəl "Hizbullah" devrildi.

Suriyada baş verənlərin fonunda isə gözlənilməyən, lakin Ankara üçün çox önəmli olan hadisə baş verdi.

Belə ki, Türkiyənin "Anadolu" dövlət agentliyinin İranın FARS agentliyinə istinadən verdiyi məlumata görə, İran-İraq sərhədində İran ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının lideri Murat Karayılan həbs edilib.

Türkiyə üçün başağrısına çevrilən və daxili stabilliyə hər an ciddi zərbə vura biləcək PKK terror təşkilatının lideri Murat Karayılanın həbsinə dair xəbərlər İran rəsmi dairələri və Türkiyə tərəfindən təsdiqini tapmasa da, bir çox siyasi icmalçılar bu xəbərin doğru olduğunu hesab edirlər.

Ankara və Tehranın bu faktı inkar etmələri Karayılanın həbsinin iki dövlət arasında Suriya məsələsində alver predmeti olaraq istifadə ediləcəyindən xəbər verir.

Böyük ehtimalla İran PKK liderinin həbsi ilə Ankaranı Suriya məsələsində seçim qarşısında qoyacaq. Ankaranın isə nəyi seçəcəyi yaxın günlərdə bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti