Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul etdi. Senatda qanun layihəsinin müzakirəsi başlamazdan əvvəl diqqəti çəkən məqamlardan biri də layihənin qəbul edilməsinə qarşı olan senatorların parlamentə gəlməməsi üçün senatorlara "demokratik" təzyiqin edilməsi faktı oldu.
Belə ki, qondarma "soyqırım"ın inkarına görə, cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin müzakirəsində parlamentdə sadəcə layihəyə dəstək verən millət vəkilləri iştirak etdi.
Fransa KİV-lərinin verdiyi məluma görə, qanun layihəsinin əleyhinə olanların parlamentdə iştirak etməməsi tapşırılmışdı.
Əslində Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzv olmasının əleyhinə çıxış edən Sarkozi hökumətinin belə bir addım atacağı gözlənilən idi.
Ankaranın 2005-ci ildən Avropa İttifaqına üzv olmaq üçün apardığı danışıqlar, siyasi və iqtisadi sahələrdə aparılan ciddi islahatların məntiqi nəticəsi olaraq, Türkiyənin bu quruma üzv olacağı gözlənilsə də, Aİ tunelində ən ciddi maneələrdən biri də Fransa və Almaniya hökuməti ilə yanaşı, 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması məsələsi dururdu ki, bu, Ankara tərəfindən əsla qəbul edilə bilməzdi.
Dolayısıla, demək olar ki, Fransa "demokratik" prinsiplərə əsaslanan, mahiyyətində isə irqçilik olan qanunu qəbul etməklə Ankaranın Avropa İttifaqı qapısını tamamilə bağlamış oldu.
1915-ci il hadisələrinə gəlincə, erməni lobbisi və Ermənistan hökuməti bunun türklər tərəfindən edildiyini iddia etsə də, hələ də Ankaranın baş verənlərin araşdırılması üçün ortaq komissiyanın yaradılması planını və arxivlərin açılması təklifini qəbul etməyib.
1915-ci il hadisələrini azacıq araşdırarkən baş verən hadisələrdə sadəcə ermənilərin deyil, eyni zamanda, xeyli sayda türklərin də öldüyü ortaya çıxır. Ən maraqlı məqamlardan biri isə ermənilərin iddia etdiyindən fərqli olaraq, baş verən hadisələrdə sadəcə türklərin deyil, Osmanlı dövləti ərazisində yaşayan kürdlərin də rolunun olduğu ortaya çıxır. Hətta kürdyönlü Sülh və Demokratiya Partiyasının kürd əsilli (BDP) millət vəkili Altan Tan 1915-ci il hadisələrində kürd aşirətlərinin də rolunun böyük olduğunu bildirib.
Senatda ermənilərin maraqlarına xidmət edən qanunun qəbul edilməsi ilə siyasi ciddiyyətini və tərəfsizliyini itirən Paris bumeranq effekti ilə qarşılaşacaq və Fransa hələ də öz tarixi əsasını tapmayan qondarma "erməni soyqırımı" ilə yanaşı, əsl soyqırımları - 1945-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanın qətli və Xocalı soyqırımını qəbul etmək məcburiyyətində qalacaq.
Hətta Fransa Senatında "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı Senatın qanun layihələri üzrə rəhbəri Jan Pyer Sueur bu qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, rəsmi Parisin başqa soyqırımları da qəbul etmək məcburiyyətində qalacağını bildirib.
Nəzərə alınsa ki, Fransada yaşayan türklərin sayı 500 min, əlcəzairlilərin sayı isə 2 milyondan çoxdur, ermənilərin maraqlarına xidmət edən qanun layihəsinin Fransa ictimaiyyətində gec-tez ciddi parçalanmaya səbəb olacağını söyləməyə əsas var.
Qanun layihəsinin qəbul edilməsi ilə Paris fikir və söz azadlığına zərbə vurmaqla yanaşı, bir daha sübut etdi ki, Fransa Ermənistanın müdafiəçisidir.
Fransa Senatının qəbul etdiyi qərarı erməni lobbisinin və Ermənistanın diplomatik qərarı kimi səciyyələndirmək düzgün olmazdı.
Əslində bu qanunun qəbul edilməsi Fransada islamofobiyanın zəfəridir, erməni "soyqırımı" və Ermənistanın taleyi isə hər zaman olduğu kimi, bu dəfə də böyük dövlətlərin şəxsi maraqlarında alət oldu.