...

İƏT sammiti və Suriyanın gələcəyi

Nəzər nöqtəsi Materials 17 Oktyabr 2012 11:56 (UTC +04:00)
İƏT sammiti və Suriyanın gələcəyi
İƏT sammiti və Suriyanın gələcəyi

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Azərbaycanın paytaxtı Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində bir çox siyasi və iqtisadi məsələlərlə yanaşı dünyanın diqqət mərkəzində olan Suriya hadisələri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Mahmud Əhmedinejad tərəfindən müzakirə olundu.

Müzakirələr zamanı Türkiyənin Baş naziri Suriyadakı böhranın bitməsi üçün üçtərəfli sistemin təklif olunduğunu bildirdi.
Ərdoğanın irəli sürdüyü üç təklifin birincisinə əsasən, Türkiyə, Misir və İran, ikinci təklifə əsasən, Türkiyə, Rusiya və İran, üçünü təklifə əsasən isə, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Suriya böhranının bitməsi üçün iş birliyində olmalıdırlar.

Ərdoğanın irəli sürdüyü təklif planından Ankaranın regionda bir çox sahələrdə söz sahibi olmasına baxmayaraq, Suriya böhranının həllinin uğurlu olmadığı qənaətinə gəlmək olar.

Digər tərəfdən, üçtərəfli sistemin irəli sürülməsi də onu göstərir ki, Suriya böhranının bitməsi sadəcə Ankaradan deyil, eyni zamanda təklif planında yer alan ölkələrdən də asılıdır.

Planın nə qədər effektiv olub-olmayacağına gəlincə, böyük ehtimal ki, Ərdoğanın təklif etdiyi üçtərəfli sistem böhranın bitməsi üçün zəmin yaratmayacaq.

Planın birinci, ən optimal variantına - "Türkiyə, Misir və İran" variantına gəlincə, Rusiyanın Suriyadakı maraqları qismən də olsa, təhlükə altına düşə bilər ki, bu da RF-ni qane etməyəcək.

"Türkiyə, Rusiya və İran" variantı da optimal hesab oluna bilər. Lakin ərəb ölkəsinin taleyinin qeyri-ərəblər tərəfindən həll edilməsi regionun ərəb dövlətlərini qane etməyəcək.

Hətta siyasi baxımdan daha aktiv olan Qətər dəfələrlə ərəb dövlətlərini Suriyaya hərbi müdaxilə etməyə çağırıb.

Planın üçüncü variantı - "Türkiyə, Misir və Səudiyyə Ərəbistanı" formatına gəldikdə, bu variant, demək olar ki, böhranın həllinə deyil, daha da dərinləşməsinə gətirib çıxara bilər.

Çünki İran ərəb dünyasından siyasi baxımdan təcrid olunan Suriyanın taleyinin regionun sünni dövlətləri tərəfindən həll edilməsinə göz yummayacaq. Məhz ona görə ki, Suriyanın itirilməsi İranın Livanla əlaqəsinin kəsilməsi anlamına gəlir.

Bütün bunları nəzərə alaraq, Türkiyənin Baş nazirinin Suriya böhranının həlli istiqamətində irəli sürdüyü planın effektiv olmayacağını, böhranın isə daha da uzanacağını söyləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti