...

Rusiya Azərbaycanla münasibətlərini niyə intensivləşdirir?

Nəzər nöqtəsi Materials 20 Noyabr 2017 17:48 (UTC +04:00)
Son vaxtlar Rusiyanın Azərbaycanla münasibətlərini intensivləşdirməsi rəsmi Moskvanın Bakının regionda artan rolunu düzgün qiymətləndirdiyini, ölkəmizin vacib tərəfdaş olduğunu qəbul etdiyini göstərir.
Rusiya Azərbaycanla münasibətlərini niyə intensivləşdirir?

Bəxtiyar Hacıyev – Trend:

Son vaxtlar Rusiyanın Azərbaycanla münasibətlərini intensivləşdirməsi rəsmi Moskvanın Bakının regionda artan rolunu düzgün qiymətləndirdiyini, ölkəmizin vacib tərəfdaş olduğunu qəbul etdiyini göstərir.

Bu gün Rusiya Federasiyasının demək olar ki bütün regionlarının Azərbaycanla sıx əlaqələri var. Azərbaycanla Rusiya arasında mütəmadi biznes-forumlar keçirilir, bundan başqa, Azərbaycan-Rusiya regionlararası forumu artıq ənənəvi hal alıb. Azərbaycan Rusiyanın bölgələrində investisiyalar yatırır, həmçinin məktəb və parkların bərpasına yardım edir və s.

Təsadüfi deyil ki, bu ilin ilk 9 ayında Azərbaycanla RF arasında ticarət dövriyyəsi təqribən 60 faiz artıb. Cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 1,66 milyard dollar təşkil edib ki, bu da Azərbaycanın digər ölkələrlə ümumi əmtəə dövriyyəsinin 10,35 faizi deməkdir.

Ötən gün Prezident İlham Əliyevlə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu məqamı xüsusilə vurğuladı: "Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ticarət dövriyyəsi bizim statistikaya görə, bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb. Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır".

Başqa sözlə, Azərbaycanla Rusiya arasında yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri iki ölkənin ticarət əlaqələrinə də müsbət təsir göstərib.

Hələ noyabrın 1-də Tehranda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü çərçivəsində Vladimir Putin bəyan etmişdi: "Azərbaycan Prezidenti ilə biz tez-tez görüşürük. Biz müəyyən, daha mühüm istiqamətlər üzrə mövqelərimizi dəqiqləşdirdik, ikitərəfli formatda əmtəə dövriyyəsinin artımını qeyd etdik və qarşılıqlı fəaliyyətimizin perspektiv istiqamətləri barədə danışdıq".

Putin bildirmişdi ki, Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakter daşıyır: "İkitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir... Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik".

ADA Universitetində çıxış edən Lavrov da iki ölkənin strateji tərəfdaş olduğunu təsdiq etdi: "Qarşılıqlı maraq kəsb edən əlaqələr bütün sahələrdə çox yaxşı irəliləyir. Ötən müddət ərzində bu münasibətləri nəinki qoruyub saxladıq, həm də dostluq və mehriban qonşuluq ənənələrini genişləndirdik və şaxələndirilmiş hüquq bazasını formalaşdırdıq. Ölkələrimiz arasında qarşılıqlı anlaşma Qafqaz və Xəzər regionunda təhlükəsizlik baxımından ən mühüm amillərdən biridir".

Bakıda “Rusiya ilə Azərbaycanı birləşdirən əlaqələr çoxdur”, - deyən Sergey Lavrov bildirdi ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır, bu istiqamətdə fəal səylər göstərmək lazımdır.

Bu, rəsmi Bakının gözlədiyi mühüm açıqlama idi. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan, eləcə də bir çox politoloqların fikrincə, bu məsələdə son dərəcə aparıcı rol oynayan Rusiyanın problemlə bağlı konkret mövqe ortaya qoyması münaqişənin həlli və danışıqlar prosesinin sonrakı inkişafı baxımından çox mühümdür.

Xarici işlər naziri bir qədər də irəli gedərək ABŞ ilə Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində əməkdaşlığa təsir göstərməyəcəyini bildirdi: “Münaqişə heç kimə sərf etmir. Həll yolunu tapmaq lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi qarşılıqlı şəkildə qəbul edilən sülh yollarını axtarmaqda davam edəcəyik”.

Görünən budur ki, Rusiya Azərbaycan kimi güclü, sabit, inkişaf etmiş qonşu ilə münasibətlərini korlamaq istəmir. Azərbaycanla əməkdaşlıqda hər hansı geriləmə Rusiyanın regionda da nüfuzunu azalda bilər. Bunu çox yaxşı dərk edən rəsmi Moskva Lavrovun dili ilə Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətində olduğunu gizlətmədi, hətta Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən məmnun olacağını bəyan etdi:

"Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik. İttifaqa yeni üzvlərin qəbul edilməsini hər zaman alqışlayırıq. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq".

Əlbəttə, rəsmi Moskva 2015-ci ilin noyabrında qırıcısının vurulması və pilotun həlak olması ilə korlanan Rusiya-Türkiyə münasibətlərinin məhz Azərbaycanın regional nüfuzu, vasitəçilik səyləri sayəsində bərpa olunduğunu, normallaşdığını da unutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti