...

İranda rekord oğurluqla bağlı 27 nəfər həbs olunub, 50 nəfərə qarşı isə cinayət işi açılıb

Dünya xəbərləri Materials 28 Noyabr 2011 09:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir T.Cəfərov/

Bank sistemində 2,8 milyard dollarlıq maliyyə qalmaqalı (2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinərək) ilə bağlı daha 27 nəfər həbs olunub, 50 nəfər barəsində isə cinayət işi açılıb. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi İran televiziyasının 2-ci kanalına müsahibəsində deyib. Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat verir.

Əjeyi bildirib ki, ötən ay ərzində 2,8 milyard dollarlıq maliyyə qalmaqalı ilə bağlı 126 nəfər istintaqa cəlb olunub ki, onlardan 106 nəfər hadisə ilə bağlı ittiham olunan şəxslərdir.

O həmçinin əlavə edib ki, maliyyə qalmaqalında ittiham olunan əsas şəxsə məxsus 175 obyekt və yaşayış kompleksləri müsadirə olunub ki, onlardan 130 ədədi Tehranda, digərləri isə başqa əyalətlərdə yerləşir.

Əjeyi deyib ki, 2001-ci ildən sonra oğurluq yolu ilə külli miqdarda vəsaiti mənimsiyən qrup 4 milyard dollar sərmayə toplayıb ki, bu sərmayənin böyük hissəsi 2006-cı ildə Əmir Mənsur Ariya şirkətinin (oğurluq qalmaqalında əsas ittiham olunan şirkət) təsisindən sonra əldə olunub.

Bundan öncə İranda ölkənin Saderat Bankından 2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinən 22 nəfər həbs olunmuşdu. Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallardan biri tərəfindən (LC) kredit xətti açaraq Bank Melli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.

Hadisə ilə bağlı Bank Melli İranın direktoru Məhəmmədrza Xavəri istefa verib və Kanadaya qaçıb. Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar. Bundan başqa, noyabrın əvvəlində İranın Mərkəzi Bankının sədr müavini Həmid Purməhəmmədi və İran Prezident Administrasiyasının sabiq rəhbəri, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayinin yaxın qohumu İnayətullah Riyahi həbs olunub.

Cari ilin iyun ayında da Prezident Mahmud Əhmədinejad və Prezident Administrasiyasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın bir neçə nəfər korrupsiyada ittiham olunaraq həbs olunublar.

Xəbər lenti

Xəbər lenti