...

"Erməni soyqırımı" haqqında qanunun əleyhdarı olan fransız senatorların sayı artır

Dünya xəbərləri Materials 25 Yanvar 2012 11:13 (UTC +04:00)
Fransanın hakim Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan daha iki senator qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanunun ləğv edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətlərini bəyan edib.
"Erməni soyqırımı" haqqında qanunun əleyhdarı olan fransız senatorların sayı artır

Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir A.Tağıyeva/

Fransanın hakim Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan daha iki senator qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanunun ləğv edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətlərini bəyan edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər verir.

Beləliklə, iki gün bundan əvvəl Senatın qəbul etdiyi qanunun əleyhdarlarının sayı artır və tezliklə Konstitusiya Məhkəməsinə müraciət üçün 60 senatorun imzasının toplanacağı gözlənilir.

Fransa Prezidenti Nikola Sarkozinin bu qanuna 15 gün ərzində baxacağı gözlənilir.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fransaya qarşı artıq yeni sanksiyalar hazırladığını bəyan edib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti