Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Rusiya Ukraynanın Aİ ilə assosiasiyasından qazana bilər. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Ukraynanın "Seqodnya" qəzetində cümə axşamı dərc olunmuş müsahibəsində deyib. Xəbəri RİA Novosti yayıb.
Ötən həftə Ukrayna hökuməti noyabrın 29-da Vilnüsdə Şərq Tərəfdaşlığı Sammitində imzalanması planlaşdırılan Aİ ilə assosiasiyalar haqqında sazişin imzalanmasına hazırlığı dayandırmaq barədə qərar qəbul edib. Nazirlər Kabineti bu qərarı əsas tərəfdaş ölkələrlə (Rusiya və MDB) əmtəə dövriyyəsinin hiss olunan dərəcədə azalması, mürəkkəb iqtisadi vəziyyət və Avropaya inteqrasiyada mümkün yubanmalarla izah edib.
Füle deyib: "Sazişin imzalanmasına hazırlıqdakı fasiləni izah edərkən Nazirlər Kabineti və Prezident Rusiyanın gördüyü bir sıra tədbirlər barədə danışırlar. Lakin onlar əsassızdır: Rusiya bu sazişdən qazana bilər. Assosiasiyada Rusiyaya mənfi təsir edə biləcək heç nə yoxdur. Rusiya Aİ üçün strateji tərəfdaşdır və biz bu tərəfdaşlığın bütün potensialından istifadə etmək istəyirik".
Avropa komissarı qeyd edib ki, Aİ ilə daha sıx əməkdaşlıq barədə qərara görə tərəfdaşlara, o cümlədən Ukraynaya təzyiqin istənilən növü yolverilməzdir.