Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə İŞİD terror təşkilatının Türkiyə qanadının başçısı, Əbu Hanzala kimi tanınan Xalis Bayancuk həbs edilib.
Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, X.Bayancuk Türkiyə vətəndaşlarının cəlb edilib Suriya və İraqa göndərilməsində fəal iştirak edirmiş.
Xatırladaq ki, Ankarada, həmçinin İŞİD terror təşkilatının 15-dən çox döyüşçüsü həbs edilib.
Həbs edilənlərin hamısı Suriya və İraqın qeyri-qanuni silahlı qrupları, həmçinin İŞİD terror təşkilatının üzvləridir.
Qeyd edək ki, son günlər Türkiyədə solçu və ultraradikal islamçılara qarşı xüsusi əməliyyatlar aparılır.
Türkiyədə iyulun 24-dən aparılan antiterror əməliyyatları çərçivəsində 300 nəfərdən çox insan həbs edilib.