Bakı. Trend:
ABŞ Konqresinin Senatı bu gün ölkənin dövlət borcunun həddinin 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını dəstəkləyib.
Trend-in məlumatına görə, iclasın canlı yayımını "C-SPAN" telekanalı yayımlayıb.
Gözlənilir ki, ABŞ Konqresinin aşağı palatası da tezliklə bu təşəbbüsü dəstəkləyəcək. Bundan sonra sənədi ölkə prezidenti Cozef Bayden imzalamalıdır.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen qanunvericiləri dövlət borcunun həddinin artırılması haqqında qanun layihəsini qəbul etməyə çağırıb, əks halda dekabrın 15-dən sonra federal hökumətin işini maliyyələşdirmək üçün lazım olan vəsaitdə çatışmazlıq yarana bilər.