Bakı. Trend:
İngiltərənin şimalında "Dara" qasırğası bir nəfərin ölümünə səbəb olub.
Trend xəbər verir ki, Lankaşir qraflığı polisinin yaydığı məlumatda bildirilir ki, hadisə səhər saatlarında A59 yolunda, Lonqton şəhəri yaxınlığında baş verib. 40 yaşlı kişinin idarə etdiyi mikroavtobusun üzərinə ağac aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Qasırğa nəticəsində elektrik xətlərinin sıradan çıxması geniş enerji kəsintilərinə yol açıb. Uels, İngiltərənin cənub-qərbi və Qərbi Midlenddə 55 min, Şimali İrlandiyada isə 46 min ev işıqsız qalıb. Qonşu İrlandiyada isə təxminən 325 min insan elektrik enerjisiz qalıb. Oradan hələ ki, itkilər barədə məlumat daxil olmayıb.
Təcili yardım xidmətləri indiyədək 75 min istehlakçının enerji təchizatını bərpa edib.