Qazaxıstanın İnformatizasiya və əlaqələr Agentliyi 3 il ərzində respublikada fəal İnternet istifadəçilərinin sayını 2,7 %-dən 21,3%-ə qədər artırmaq istəyir. Trend in Astana şəhərindəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə agentlik nümayəndəsi Kuanışbek Yesekeyev Astana şəhərində keçirilən "Qazaxıstanda məlumat bərabərsizliyinin azaldılması Proqramının rellaşması haqqında" müşavirədə çıxış edərkən qeyd edib.
Bu gün Qazaxıstan İnternet istifadəçilərinin sayına görə dünyada 62-ci yeri tutur. Üç faizdən az sakin mütəmadi olaraq İnternetdən istifadə etmək imkanına malikdir. Rusiyada bu göstərici 16,5%, Estoniyada - 50 %, Cənubi Koreyada - 67%, Kanadada isə - 67,9 %-dir.
Kuanışbek Yesekeyevin sözlərinə görə, agentlik iki layihə hazırlayıb: məlumat bərabərsizliyinin azaldılması və ictimai çıxış məntəqələrinin yaradılması üzrə. Hər iki layihə üç il müddətinə nəzərdə tutulub.
Onların məqsədi qazaxıstanlıların kompüter savadını artırmaqdır. Bunun üçün yaxın zamanda ölkədə onlarla İnternetə ümumi çıxış məntəqəsi açılır. Həmçinin plana yerli hakimiyyət orqanlarında, Məşğulluq mərkəzlərində, hərbi hissələrdə və uşaq bağçalarında kompüter siniflərinin təşkili də daxildir. Yesekeyevin məruzəsində səslənən məlumatlara görə, yaxın üç il ərzində respublikada yerli hakimiyyət orqanlarında - 33, Məşğulluq mərkəzləri və dövlətin iştirak etdiyi bütün təşkilatlarda - 160, hərbi hissələrdə - 100, kitabxana və klublarda -250, uşaq evləri və məktəblərdə 69 kompüter sinfi açılmalıdır.
Bundan başqa, Yesekeyev bildirib ki, İnternetdən istifadə qiymətlərinin xeyli azaldılması üzrə iş aparılır. Bu qiymətlər 2006-cı ildə - 50 faiz, 2007-ci ildə - 23 faiz, 2008-ci ildə isə 6 faiz aşağı salınacaq.
Banklar tərəfindən kompüterlərin alınması üçün güzəştli kredit təşkil olunacaq. Ümumi çıxış məntəqələr şəbəkəsinin yaradılmasına da böyük əhəmiyyət veriləcək. "Bu məntəqələr insanların sıx yerləşdiyi yerlərdə - akimatlarda, vağzallarda, kitabxanalarda, aeroportlarda, xəstəxanalarda olacaq", - deyə nümayəndə bildirib.
Kompüter savadının artırılması üçün Agentlik dövlət xidmətinə qəbul zamanı İT-sertifikatının tələb olunmasını, informatika fənninin, büdcə sahəsinin əməkdaşlarının ixtisasının artırılması kurslarının tətbiq edilməsini və orta və ali məktəb məzunlarının testdən keçirilməsini təklif edib.