Bakı. Trend:
Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover teatrı tərəfindən Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yanlışlığa yol verilib. Teatr tərəfindən Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvi fars şairi kimi təqdim edilib.
Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycanın Almaniyadakı səfirliyinə göndərilib.
Azərbaycanın Almaniyadakı səfirliyi Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması ilə bağlı teatrın rəhbərliyinə məktub göndərilib, eyni zamanda Agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilib və sözügedən səhvlərin aradan qaldırılması xahiş edilib.
Teatrın səfirliyə cavab məktubunda isə onlara təqdim edilmiş məlumatlara görə təşəkkür olunub və müvafiq düzəlişlərin edildiyi bildirilib.
Agentlik həmçinin bildirir ki, əlavə araşdırma göstərib ki, həqiqətən Teatrın İnternet və Facebook səhifələrində “Leyli və Məcnun” hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakin düzəlişlərdən sonra Nizami Gəncəvi “orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olması qeyd olunmayıb. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb. Məsələ Agentliyin diqqət mərkəzində saxlanılır.