...

Türkmənistan səfirliyi Bakıda "Dirçəliş, birlik və Məxtimqulu poeziyası" elmi konfransını təşkil edib (FOTO)

Siyasət Materials 18 May 2011 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir S.Ağayeva/

Bakıda Qafqaz Universitetində Dirçəliş, Birlik və Məxtimqulu Fəraqi poeziyası Günü çərçivəsində Türkmənistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə elmi-mədəni tədbir keçirilib.

"Mayın 18-də Türkmənistanda ölkənin əsas bayramlarından hesab edilən və türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə ayrılmaz əlaqəsini simvolizə edən Dirçəliş, birlik və Məxtimqulu Fəraqi poeziyası Günü qeyd edilir", - Trend-in məlumatına görə, Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov konfransda bildirib.

Onun sözlərinə görə, müstəqil və neytral ölkə olan Türkmənistan Avrasiya qitəsində ən sürətlə artan iqtisadiyyata malikdir. Türkmənistan Prezidentinin daxili islahatlar siyasəti xalqın güzəranının ən yüksək səviyyədə təmin olunmasına yönəlib.

Diplomat son vaxtlar türkmən-Azərbaycan münasibətlərində hər iki ölkənin liderlərinin səyləri sayəsində yeni səhifənin açıldığını qeyd edib. "Qarşılıqlı rəsmi səfərlər zamanı prezidentlərin görüşləri dövlətlərarası münasibətlərin möhkəmlənməsi və inkişafı yolunda mühüm addımlardır, dövlətlərarası münasibətlərin inkişafı dostluq, qardaşlıq və səmərəli əməkdaşlıq əlaqələrinin inkişafıdır", - səfir qeyd edib.

"Bu gün biz eyni vaxtda ikiqat bayram qeyd edirik - Xəzər sahillərində yaşayan hər iki xalqın dostluq bayramı, bir dil, mədəniyyət və tarixi irsin birləşdirdiyi xalqların dostluq bayramını. Bu dostluq böyük şair Məxtimqulu Fəraqi tərəfindən tərənnüm edilib, onun çoxtərəfli yaradıcılığının əsası olub", - səfir deyib.

Dünya şöhrətli şair Məxtimqulu Fəraqi ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verib.

Mənası "ayrı salınmış" demək olan Fəraqi təxəllüsünü şair özünə ahıl yaşlarında götürüb. O, ərəb və fars dillərini mükəmməl bilib. Məxtimqulu türkmən poetik dilini bir qədər dəyişərək onu xalq dilinə yaxınlaşdırıb.

Azərbaycanın müxtəlif ali məktəblərinin tələbələri Azərbaycan, türkmən, türk və rus dillərində Məxtimqulunun bədii yaradıcılıq nümunələrini ifa ediblər.

Tədbirdə bir sıra ölkələrin səfirləri, Qafqaz Universitetinin rəhbərliyi, ali məktəbin müəllim və tələbələri iştirak ediblər.

Türkmənistanın Azərbaycandakı səfirliyi universitetin foyesində ölkə mədəniyyəti və tarixinin nümunələrinin nümayiş olunduğu sərgi də təşkil edib.

Xəbər lenti

Xəbər lenti