Bakı. Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Kolombe-Le-Dö-Eqliz şəhərinin meri Paskal Babuo ilə görüşüb.
Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasındakı münasibətlərdən bəhs olunub. Səfir, general Şarl dö Qolun 27 noyabr 1944-cü ildə Bakı səfərini xatırladıb. Mer öz növbəsində nümayəndə heyətini səmimi salamlayıb və fəaliyyəti haqqında məlumat verib.
Səfir L. Abdullayeva Azərbaycanın müasir siyasi tarixində adı ölkənin dövlətçilik salnaməsinə əbədi həkk olunmuş Ulu öndər Heydər Əliyev haqqında danışıb. Bildirib ki, onun Azərbaycan üçün rolu, dövlətin taleyini həlledici məqamlarda dəyişdirməsi, milli kimliyi və suverenliyi qoruması çox vaxt Fransa tarixində müstəsna yeri olan general Şarl dö Qolun fəaliyyəti ilə müqayisə edilir. Bu müqayisə təsadüfi deyil – hər iki lider öz ölkələrinin müstəqillik, təhlükəsizlik və dövlətçilik yolunda dönüş nöqtəsi yaratmış tarixi simalardır.
Şarl de Qol, II Dünya müharibəsinin ən ağır dövrlərində
Fransanın mübarizə ruhunu ayaqda saxlayaraq ölkəni yenidən
dirçəltmişdisə, Heydər Əliyev də 1990-cı illərin mürəkkəb, xaotik
və təhlükəli şəraitində Azərbaycanı dağılmaq təhlükəsindən xilas
edib. O, separatizm, siyasi böhran, iqtisadi tənəzzül və xarici
təzyiqlərin kəsişdiyi dövrdə ölkənin sükanını öz üzərinə götürərək,
dövlətin varlığını qorumağı bacarıb.
Hər iki liderin ortaq cəhəti – kritik anlarda cəsarətli və
birmənalı qərarlar vermək qabiliyyətidir. De Qol Fransanın dövlət
institutlarını yenidən quraraq V Respublikanın əsasını qoyub.
Heydər Əliyev isə Azərbaycan üçün tamamilə yeni siyasi və iqtisadi model formalaşdırıb, dövlət idarəçiliyində sabitlik yaratdıb.
Qeyd edilib ki, Şarl dö Qol Fransa üçün bloklara tam bağlı
olmaq, böyük güclərə tabe olmamaq kimi seçdiyi müstəqil siyasətlə
dünya diplomatiyasında xüsusi yer tutur.
Heydər Əliyev də eyni prinsipial mövqeyi Azərbaycanın xarici
siyasətində tətbiq edərək balanslı, çoxşaxəli və milli maraqlara
söykənən siyasətin əsasını qoyub. Bu gün Azərbaycan beynəlxalq
arenada məhz o xəttin sayəsində nüfuzlu aktor kimi tanınır.
Tərəflər vurğulayıblar ki, Dö Qol fransız xalqının milli birliyini bərpa etmişdisə, Heydər Əliyev də Azərbaycan cəmiyyətində parçalanmanın qarşısını alaraq milli həmrəyliyi möhkəmləndirib. Onun hakimiyyəti illərində vahid Azərbaycan ideyası yenidən dirçəlib, dövlət atributları, milli qürur və vətənpərvərlik anlayışları yeni məna qazanıb.
Səfir bu gün demokratiya yolunda inamla irəliləyən Azərbaycanın qonşu ölkələrlə sülh şəraitində yaşamaq istədiyini diqqətə çatdırıb.
Görüş zamanı Mer səfir Leyla Abdullayevanı Ş. Dö Qolun seçkilər
zamanı səs verdiyi otağa dəvət edib, Azərbaycan səfiri xatirə
kitabına ürək sözlərini yazıb.
Azərbaycan səfiri, Şarl de Qolun Bakı səfərinin şərəfinə, üzərində
Azərbaycan gerbi və generalın Bakı səfərindən şəklinin əks olunduğu
xüsusi hədiyyəni merə təqdim edib. Bu hədiyyə həm tarixi səfərin
xatirəsini yaşatmaq, həm də Azərbaycan ilə Fransa arasında
qarşılıqlı hörmətin rəmzi kimi böyük maraqla qarşılanıb.
Sonra tərəflər nümayəndə heyətləri ilə birlikdə Şarl dö Qolun
məzarını ziyarət edib, Səfir Leyla Abdullayeva və səfirliyin hərbi
attaşesi, polkovnik Cavid Abdullayev generalın qəbri üzərinə əklil
qoyublar.
Səfər çərçivəsində Azərbaycan səfiri, həmçinin “Souvenir Français” təşkilatının nümayəndələri ilə görüşüb. I və II Dünya Müharibələri xatırlanıb. Azərbaycan əsgərlərinin II Dünya Müharibəsində Fransanın azadlığı uğrunda Müqavimər Hərəkatında fransızlarla çiyin-çiyinə mübarizə apardığı vurğulanıb. Bugünkü Fransanın azadlığında azərbaycanlı əsgərlərin də payı olduğu diqqətə çatdırılıb.
Səfirliyin nümayəndə heyəti “Souvenir Français” təşkilatının
yerli nümayəndə heyəti ilə birlikdə Ş. Dö Qolun evini, xatirə
memorialını və muzeyini ziyarət ediblər.
Xatirə memorialında Ş. Dö Qolun həyat və fəaliyyətini əks etdirən
muzey ziyarət edilib.
Şarl de Qolun Bakı səfərinin şərəfinə, üzərində Azərbaycan gerbi və
generalın Bakı səfərindən şəklinin əks olunduğu xüsusi hədiyyə
generalın muzeyinə təqdim edilib.