Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 954,6 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 125,5 milyon manat və ya 15,1% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 141,5 milyon manat və yaxud 27,7% artaraq 651,8 milyon manata çatıb.
Beləliklə, 10 ayda könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 68,3 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.
