Bakı. Trend:
Cənubi Afrika Respublikası 2026-cı ilin dekabr ayında ABŞ-nin Florida ştatında keçirilməsi planlaşdırılan növbəti G20 sammitinə dəvət olunmayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"Son sammitin sonunda Cənubi Afrika hakimiyyəti bağlanış mərasimində sədrliyi ABŞ səfirliyinin yüksək vəzifəli nümayəndəsinə təhvil verməkdən imtina edib. Buna görə də, mənim əmrimlə Cənubi Afrika Florida ştatının Mayami şəhərinin ev sahibliyi edəcəyi 2026-cı il G20 sammitinə dəvət almayacaq", - deyə o bildirib.
O, ABŞ-ın Cənubi Afrikaya bütün ödənişləri və subsidiyaları dərhal dayandıracağını vurğulayıb.
Tramp həmçinin Cənubi Afrikanın avropalı köçkünlərin nəsillərinə qarşı insan haqları pozuntuları törətdiyi, "ağdərililərin öldürüldüyü" və fermalarının əlindən alındığı iddialarını təkrarlayıb. Cənubi Afrika bu ittihamları rədd edir.