...

I Avropa Oyunlarında böhran vəziyyəti ilə qarşılaşan əcnəbi qonaqların müraciətlərinə çevik reaksiya veriləcək

Baku 2015 : EUROGAMES Materials 1 May 2015 14:04 (UTC +04:00)
Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək idmançıların və digər xarici qonaqların qarşılaşdıqları böhran vəziyyətlərində müraciət etməsi üçün əlahiddə vahid nömrə sistemi yaradılmayacaq.
I Avropa Oyunlarında böhran vəziyyəti ilə qarşılaşan əcnəbi qonaqların müraciətlərinə çevik reaksiya veriləcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək idmançıların və digər xarici qonaqların qarşılaşdıqları böhran vəziyyətlərində müraciət etməsi üçün əlahiddə vahid nömrə sistemi yaradılmayacaq.

Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti şöbəsinin rəisi Oktay Bayramov deyib.

Onun sözlərinə görə, Bakı 2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) tərkibində FHN-nin nümayəndəsi də var: "Komitə FHN ilə koordinasiya olunmuş şəkildə işləyəcək. Birinci Avropa Oyunları zamanı hər hansı fövqəladə halın baş verəcəyi təqdirdə BEGOC çevik reaksiya verəcək. Mətbuat məlumatlandırılmasından tutmuş digər işləri onlar həyata keçirəcək".

O.Bayramov qeyd edib ki, Azərbaycanda təbii fəlakət və ya texnogen olanda vətəndaşlar 112 zəng mərkəzinə müraciət edir: "Həmin hadisələrlə bağlı məlumatlar FHN-nin saytında yerləşdirilir. Birinci Avropa Oyunları ilə bağlı hər hansı hadisə olacağı təqdirdə isə məlumatları BEGOC yayacaq".

FHN rəsmisi bildirib ki, əgər xarici qonaqlar Avropada, öz ölkələrində olduğu kimi xəstəlik halı və ya kriminal hadisələrlə üzləşəndə 112 nömrəsinə zəng edərlərsə, onlar müvafiq olaraq təcili tibbi yardım xidmətinə və daxili işlər orqanlarına yönləndiriləcəklər: "Lakin Avropa ölkələrinin əksəriyyətində olduğu kimi bununla bağlı Azərbaycanda əlahiddə vahid nömrə sistemi tətbiq olunmayacaq. Lakin böhran vəziyyəti ilə qarşılaşan əcnəbilər 112 nömrəsinə zəng edəcəyi təqdirdə, məlumatlara çevik reaksiya veriləcək. Onlarla lazımi ünsiyyət qurmaq üçün xarici dil bilikləri olan kifayət qədər dispetçerlərimiz də var. Bütün bunların hamısı nazirliyin müvafiq strukturları tərəfindən əvvəlcədən nəzərə alınıb və müvafiq tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti