Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/
Fəlsəfə doktoru, Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Mənzərə Sadıqovanın "Yaşam" kitabı işıq üzü görüb.
Trend-in məlumatına görə, kitabda müəllifin dövrün gerçəkliklərini əks etdirən düşüncələri, qənaətləri, şeirləri, publisistikası, ədəbi qeydləri, sənət və sənətkarlar haqqında fikirləri, mətbuatda dərc olunmuş yazıları, müəllif haqqında məqalələr toplanıb.
Kitabın redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, Mənzərə Sadıqovanın yazdıqları onun, eləcə də dövrümüzün tərcümeyi-halından keçən yazılardır.
Cəfərov deyib ki, Sadıqova jurnalist olmaqla yanaşı, həm də yazıçıdır, onun yazılarında dramatizm mövcuddur.
Deputat Qənirə Paşayeva bildirib ki, kitabın ən mühüm məqamlarından biri odur ki, burada Mənzərə Sadıqovanın özünü görmək olur.
Millət vəkilinin sözlərinə görə, kitabın ən üstün cəhətlərindən biri də odur ki, burada tarix mövcuddur. O tarix ki, bugünkü gənc nəslimiz də, gələcək nəsillərimiz də onu oxumalıdır.
Öz növbəsində, müəllif kitabın işıq üzü gördüyü günün onun ömrünə ən xoşbəxt gün kimi yazıldığını bildirib. "Bu xoşbəxtliyin səbəbkarı isə sizlərsiniz - buraya toplaşanlar, sürətlə axıb gedən zamanlarından mənə pay ayıranlardır. Məhz bu insanlar, bura toplaşanlar, ruhuma ruh qatdınız, məni bir daha yazmağa ruhlandırdınız. Buna görə hamınıza təşəkkürümü bildirirəm", - o deyib.