...

Azərbaycan və Tacikistan görkəmli tarixi şəxsiyyətlər barədə birgə filmlər çəkə bilərlər

Mədəniyyət Materials 9 Yanvar 2014 18:20 (UTC +04:00)
Tacikistan hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Asadullo Rahmonovla Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Azərbaycan və Tacikistan görkəmli tarixi şəxsiyyətlər barədə birgə filmlər çəkə bilərlər

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Tacikistan hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Asadullo Rahmonovla Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində səfir A.Həsənov səmimi qəbula görə təşəkkürünü bildirib, A.Rahmonovu Yeni il münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra səfir 2013-cü ilin müvafiq olaraq oktyabr və noyabr aylarında Azərbaycanda və Tacikistanda prezident seçkilərinin uğurla keçirilməsinə toxunaraq, bu dövrdə teleradio və kütləvi informasiya vasitələrinin fəal, vicdanlı və qərəzsiz mövqedən çıxış edərək peşəkar rolunu qeyd edib.

A.Həsənov ikitərəfli münasibətlərə toxunaraq, Azərbaycan və Tacikistanın dövlət başçıları arasında səmimi və mehriban münasibətlərin mövcudluğunu yüksək qiymətləndirib və bu səmimilik ruhunda qardaş ölkələr arasında bütün sahələrdə, o cümlədən, teleradio və KİV sahəsində dostluq və əməkdaşlıq əlaqələrinin müsbət müstəvidə dinamik inkişafını qeyd edib.

Daha sonra səfir 2013-cü ilin ölkəmizdə ümummilli lider Heydər Əliyevin 90 illiyinin xatirə ili kimi qeyd olunduğunu həmsöhbətinin diqqətinə çatdırıb və bildirib ki, bu münasibətlə Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib, Azərbaycandan gəlmiş 4 musiqi qrupunun ("Bakı", "Aypara", "Qarabağ", Elnur Zeynalov və Səbinə Ərəbli) paytaxt Düşənbədə, Kurqan-Tubedə, Xoroqda, Şuqnan, Kulyab, Xocənd və Nurek şəhərlərində 13 konserti təşkil edilib, həmçinin dahi bəstəkar Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası tacik və Azərbaycan incəsənət ustalarının ifasında tamaşaçılara təqdim edilib və Tacikistanın yerli teleradio kanallarında, o cümlədən, kütləvi informasiya vasitələrində işıqlandırılıb. Bununla əlaqədar, səfir Komitə sədrinə öz minnətdarlığını bildirib.

Bununla yanaşı, tərəflər bu sahədə əlaqələrin daha da genişlənməsini, peşəkar teleradio, kütləvi informasiya vasitələri nümayəndələrinin, jurnalistlərin, kino operatorların qarşılıqlı səfərlərinin təşkil edilməsini, o cümlədən, hər iki xalqın görkəmli tarixi şəxsiyyətləri olan Nizami Gəncəvi, Kamal Xocəndi, Məhsəti Gəncəvi və digər ictimai-siyasi xadimlər barədə birgə filmlərin çəkilişini, eləcə də, Azərbaycan və Tacikistanın teleradio kanallarında qədim və zəngin mədəniyyətə və tarixə malik olan Azərbaycan və Tacikistan xalqlarının siyasi-ictimai-sosial həyatına həsr edilmiş verilişlərin nümayiş etdirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər Azərbaycan və Tacikistanın ayrı-ayrı TV kanalları arasında birbaşa əməkdaşlıq əlaqələrinin yaradılmasını vurğulayıb.

Komitə sədri Tacikistanın televiziya kanallarının Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, müasir sosial-iqtisadi inkişafı, həmçinin muğam musiqisi, müasir estrada mahnılarının, bununla yanaşı, filmlərin nümayiş etdirilməsinə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti