Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/
Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədi ilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycana hədiyyə edib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən hədiyyənin oktyabrın 16-da təqdimat mərasimi keçiriləcək.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyinin nümayəndə heyəti, habelə Bakı şəhərində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak edəcəklər.
Azərbaycanla bərabər bir çox ölkələrə hədiyyə edilmiş daş üzərində təsvir edilən əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsi monolit yonulmuş relyefli baş şəklindədir. İlahənin obrazı 3/4 sağa doğru çevrilmiş, budda ikonoqrafiya incəsənəti ənənəsində, çiyininə tökülmüş şinyonla bəzədilmiş saçları üzərində yoqa duruşunda Buddanın təsviri yonulmuş, qulaqlarında dairəvi sırğalar, sinəsi 9 iri dairəvi muncuqlarla bəzədilib.
"Sülh naminə Daş" adlı xatirə simvolunun Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı, Azərbaycan-Yapon mədəni əlaqələrinin inkişafına yeni töhfədir.
Xatırladaq ki, 1945-ci ilin 6 avqustunda Yaponiyanın Xirosima şəhərinin səmasında atom bombası partlayıb, minlərlə dinc insan bu vaxta qədər görünməmiş dəhşətli faciənin qurbanına çevriliblər. Faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar üzərlərində daşıyırlar. Xirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.