Bakı. Anaxanım Hidayətova - Trend:
Bakıda "İtalyansayağı Dizayn Günü" keçiriləcək.
İtaliyanın ölkəmizdəki səfirliyindən Trend-ə verilən məlumata görə, “Made in Italy” adı ilə keçiriləcək layihədə italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunacaq.
Martın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo, İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı Ofisinin direktoru Luigi D’Aprea, italyan memar Luca Molinari, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə iştirak edəcəklər.
"İtalyansayağı Dizayn Günü" Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Mayami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Tel-Aviv, Tokio, Toronto və s. şəhərlərdə baş tutacaq.
Tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı (ICE)tərəfindən təşkil olunacaq.