...

Avropanın aparıcı jurnalistləri Brüsseldə medianın aktual problemlərini müzakirə edib (FOTO)

Gündəm Materials 29 Noyabr 2022 12:44 (UTC +04:00)
Avropanın aparıcı jurnalistləri Brüsseldə medianın aktual problemlərini müzakirə edib (FOTO)

Bakı. Trend:

Brüsseldə Aİ, Cənubi Aralıq dənizi və Şərq Tərəfdaşlığı ölkələrinin aparıcı media menecerlərini və jurnalistlərini bir araya gətirən ilk böyük tədbir olan Avropa Jurnalistika Simpoziumu (European Journalism Symposium) keçirilib. Tədbirə Azərbaycandan Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev dəvət olunub.

Tədbirdə 25 müxtəlif ölkədən yüzə yaxın məruzəçi iştirak edib. EJS çərçivəsində Avropada medianın üzləşdiyi cari çağırışlara dair bir neçə panel müzakirələri keçirilib. Xüsusilə, iştirakçılar hərbi təbliğata, dezinformasiyaya və feyk xəbərlərin mütəşəkkil şəkildə yayılmasına qarşı mübarizə problemləri, gənc media mütəxəssislərinin hazırlanması və digər məsələləri müzakirə ediblər.

Müzakirələr zamanı vurğulanıb ki, feyk xəbərlərlə mübarizə və qitədəki münaqişələrə üçüncü dövlətlərin müdaxiləsi informasiya məkanında ən mühüm problemlərdən birinə çevrilib. Bundan əlavə, EJS-in əsas sessiyası zamanı tədbir iştirakçıları Avropa Komissiyasının vitse-prezidenti Vera Yourova ilə müzakirədə iştirak edərək həm regiondakı geosiyasi vəziyyət, həm də Avropada ictimai rəyin formalaşmasında medianın təsiri ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Avropa Jurnalistika Simpoziumu ilk dəfə keçirilib. Təşkilatçılar tədbiri ildə iki dəfə keçirmək və EJS-i jurnalistlərin ictimaiyyət nümayəndələri, araşdırmaçılar, siyasi və iqtisadi ekspertlər və fəallarla öz peşə problemlərini müzakirə edə biləcəyi əsas platformaya çevirmək niyyətindədirlər.

Tədbir IHECS (Sosial kommunikasiyaların araşdırmaları institutu — École de journalisme de Bruxelles) və Fransanın "Journalisme & Citoyenneté" assosiasiyası tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti