Bakı.Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Trend yeni nazirin dosyesini təqdim edir:
R.İsmayılov 27 avqust 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. O, əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb.
2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi olub.
R.İsmayılov 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.
2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.
Qeyd edək ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
