Bakı. Trend:
Zərdabda 2 nəfərin ölümü ilə nəticənən yol-nəqliyyat hadisəsi baş verib.
Trend ARB Aran-a istinadən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun 21-ci kilometrliyində, Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayon sakini Qabil Qaybalı oğlu Rzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Ağcabədi rayon sakini Valeh Ənvər oğlu Zeynalovun idarə etdiyi “DAF” markalı yük maşını ilə toqquşub.
Nəticədə “VAZ-2106”nın sürücüsü Qabil Rzayev hadisə yerində dünyasını dəyişib.
Sürücünün minik maşınında sıxılaraq qalan meyiti oradan çıxarılıb. Avtomobildə olan 1984-cü il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq Ramilə Zeynalovanın həyatını xilas etmək mümkün olmayıb. Yaralı dünyasını dəyişib.
Qəzanın baş vermə səbəbi araşdırılır.