...

Qərbi Kaspi Universiteti yanğında ölən əcnəbi tələbə qızlarla bağlı məlumat yayıb

Hadisə Materials 10 Yanvar 2020 12:59 (UTC +04:00)
Qərbi Kaspi Universiteti Bakının Səbail rayonunda baş vermiş yanğın hadisəsi zamanı dünyalarını dəyişmiş Şri Lanka Respublikasının vətəndaşları olan qızlarla bağlı açıqlama yayıb.
Qərbi Kaspi Universiteti yanğında ölən əcnəbi tələbə qızlarla bağlı məlumat yayıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qərbi Kaspi Universiteti Bakının Səbail rayonunda baş vermiş yanğın hadisəsi zamanı dünyalarını dəyişmiş Şri Lanka Respublikasının vətəndaşları olan qızlarla bağlı açıqlama yayıb.

Universitetdən Trend-ə verilən məlumata görə, Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişən 3 Şri Lanka Respublikası vətəndaşından ikisi - Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər:

"Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət ediblər və adıçəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilib. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilmişdir. Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli Əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul ediliblər".

Qeyd olunub ki, əcnəbi dinləyicilər Azərbaycan Respublikasına gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşayıblar.

Qeyd edək ki, ötən gecə Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 Şri Lanka vətəndaşının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti