...

Firon III Ramzesin qətlinin sirri açıldı

Maraqlı Materials 18 Dekabr 2012 11:01 (UTC +04:00)
Məşhur Misir fironu III Ramzes həqiqətən də sui-qəsd nəticəsində öldürülüb. Çox güman ki, onun boğazını kəsiblər. İtaliyanın Bolsano Mumiyalar İnstitutunun arxeoloqları fironun və onun oğlu ehtimal olunan şəxsin mumiyalarını tədqiq edərkən belə qənaətə gəliblər.
Firon III Ramzesin qətlinin sirri açıldı

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Məşhur Misir fironu III Ramzes həqiqətən də sui-qəsd nəticəsində öldürülüb. Çox güman ki, onun boğazını kəsiblər. İtaliyanın Bolsano Mumiyalar İnstitutunun arxeoloqları fironun və onun oğlu ehtimal olunan şəxsin mumiyalarını tədqiq edərkən belə qənaətə gəliblər. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

Alimlər kompüter tomoqrafiyasının köməyi ilə fironun mumiyasını "işıqlandırarkən" onun boynunda 7 santimetr uzunluğunda dərin kəsilmiş yara aşkar ediblər. Bu dərin yara onun nəfəs borusunun və bütün iri qan damarlarının kəsildiyini göstərir. Yaranın daxilində amulet (çar hakimiyyətinin simvolu) aşkar edilib. Deməli, yara mumiyalanmaya qədər sağalmayıb.

Mənbələrə əsasən, hökmdarı doğma oğlu Pentaver və arvadlarından biri Teye adlı qadın devirib. İndiyə qədər onun çevrilişdən sağ çıxdığı və ya sui-qəsdçilər tərəfindən öldürüldüyü məlum deyildi. Alimlərin tədqiqatları isə III Ramzesin öldürüldüyünə şahidlik edir. Haqqında söhbət gedən hadisələr e.ə. XII-XI əsrlərə aiddir.

III Ramzesin həlak olduğu şəraiti aydınlaşdırandan sonra alimlər onun qatili olduğu güman edilən mumiyanın analizinə keçiblər. Arxeoloqlar mumiyaların sümüklərindən genetik material götürərək onları müqayisə ediblər. Analiz firon və 18-20 yaşlarındakı kişinin ata və oğul olduqlarını təsdiqləyib.

Daha sonra alimlər tomoqraf şəkillərini araşdıraraq onun oğlunun ölümünün sirrini açmağa çalışıblar. Bu, onun bir qədər qeyri-adi şəraitdə dəfn olunduğunu aydınlaşdırmağa imkan verib.

Əvvəla, mumiyalanma prosesi zamanı onun daxili orqanları və beyni çıxarılmamışdı ki, bu da həmin dövrdəki dəfn mərasimləri haqqında bütün təsəvvürlərə zidd idi. Bundan başqa, gənc adamın bədəni keçi dərisinə bükülmüşdü. Bu da hökmdar ailəsinin üzvləri üçün dəfn mərasimləri nöqteyi-nəzərindən "çirkli" hesab edilirdi.

İkincisi, alimlər onun boğazında bir çox qırış və batıqlar tapıblar və onun döş qəfəsi qeyri-adi dərəcədə genişlənmişdi. Qeyri-adi dəfnlə birlikdə bu fakt alimlərə bu gəncin ya diri-diri basdırıldığını, ya da basdırılmağa az qalmış boğulduğu fərziyyəsini irəli sürməyə imkan verir.

Beləliklə, III Ramzesin həqiqətən də arvadı Teye və oğlunun başçılıq etdiyi sui-qəsdçilər tərəfindən öldürüldüyü aydın olub. Tədqiqatçıların fikrincə, bu məlumatlar misirşünaslara çevrilişdən, Teye və onun cani yoldaşlarının əməllərindən bəhs edən "Turinsk papirusu" adlandırılan qədim mənbədəki bəzi anlaşılmayan və ya ikimənalı ifadələrin şifrəsini açmağa kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti