...

Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejiminin intensiv pozulduğu ərazilərin adlarını açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir E.Babayev / Azərbaycan Müdafiə Nazirliyi ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən ən çox atəşkəs rejiminin pozulduğu ərazilərin adlarını açıqlayıb. "Atəşkəs rejimi əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər, Gədəbəy və Tovuz istiqamətlərində intensiv şəkildə pozulur. Goranboy, Qazax, Cəbrayıl, Göy-Göl rayonları ərazisində isə nisbətən az pozuntu halları var", çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Sabiroğlu qeyd edib ki, ilin əvvəlindən indiyə qədər ATƏT tərəfindən 9 monitorinq keçirilib. İyunun 3-də keçirilməsi nəzərdə tutulan monitorinqin baş tutmamasına gəldikdə isə, Sabiroğlu bildirib ki, Azərbaycan tərəfi Qazax rayonunun Məzəmli kəndində keçirilməsi planlaşdırılan monitorinqin təxirə salınmasının səbəbləri barədə geniş məlumata malik deyil. "Anjey Kasprşikin səhra köməkçiləri Qazax rayonunun İcra Hakimiyyətində brifinq keçiriblər. Onlara təmas xəttində baş verən hadisələr ətraflı çatdırılıb. Ancaq səhra köməkçiləri brifinq keçirməklə kifayətləniblər və təmas xəttinə getməmək barədə qərar veriblər", - deyə o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti