...

Dağlıq Qarabağ probleminin həlli milli maraqların tam şəkildə müdafiəsinə yönəldilib - Trend News-un icmalçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2010 10:35 (UTC +04:00)
Milli özünüdərk və yaxud insanların ürəyinə yol tapan Qarabağ həqiqətləri
Dağlıq Qarabağ probleminin həlli milli maraqların tam şəkildə müdafiəsinə yönəldilib - Trend News-un icmalçısı

Polad Həmidov, Trend -un icmalçısı

Milli özünüdərk və yaxud insanların ürəyinə yol tapan Qarabağ həqiqətləri.

Müasir cəmiyyətdə, şəbəkə münaqişələrinin intensivləşdiyi bir zamanda, informasiya sürətinin və yükünün günbəgün artdığı bir dövrdə millətin tarixi yaddaşının möhkəmlənməsi, kristallaşması zərurəti xüsusi ilə aktualdır. İnformasiya-telekommunikasiya texnologiyalarının son nailiyyətlərinə, habelə müasir "PR" metodlarına Azərbaycan media nümayəndələrinin adekvat uyğunlaşması və istifadə etməsi Dağlıq Qarabağ haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və erməni yalanlarının ifşasına daha effektiv xidmət edir.

Qan yaddaşımızın ən ağrılı səhifələrindən biri deportasiya, soyqırım və qaçqınlıq kimi bəlalardır. Bu cür bəlalar müxtəlif zaman kəsiyində xalqımızın taleyinə hökm kəsilib. Həmişə qonşumuzdur deyib qucaq açdığımız ermənilər Azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridib, ərazilərimizə iddialı olub. Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirib. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "Böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb.

XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırım tarixinin faciəli və qanlı səhifələridir.

Erməni vandalizminin son mərhələsi isə Dağlıq Qarabağın işğalı idi. Erməni siyasətçilərinin və onların "uzaqgörən" dövlət xadimlərinin "Böyük Ermənistan" planlarının son həlqəsi Qarabağ torpaqları ilə bağlıdır. İki əsrə yaxın bir zamanda aparılan siyasətin davamı ermənilərin Dağlıq Qarabağ ərazisində də azərbaycanlıların öz döğma torpaqlarından qovulub çıxarılması əməllərinə başlaması üçün yeni imkanlar açdı. 1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini üzə çıxararaq, guya bu ərazilərin qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə dünyaya car çəkməyə başladılar. 1988-ci ildə Dağlıq Qarabağın Əsgəran rayonunda iki azərbaycanlı gəncin odlu silahla öldürülməsi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bünövrəsi qoyuldu. Erməni millətçiləri SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. Daha doğrusu Dağlıq Qarabağ münaqişəsinin həmin dövrdə 160 illik tarixi var idi. Bu münaqişənin çıxış nöqtəsi ermənilərin Qafqaza köçürülməsi vaxtından başlayır.

Zaman-zaman bu münaqişə erməni din xadimləri, erməni generalları, ermənipərəst xarici havadarlar, xüsusən Rusiyanın ermənipərəst siyasi xadimləri, sonunda erməni lobbisi tərəfindən himayə edilib. Əslində ermənilərin Dağlıq Qarabağ iddiasının heç bir obyektiv əsası yoxdur. Çünki bu məsələdə hər şey qondarma, saxta, subyektiv fakt və amillər üzərində qurulub. Tarixi mənbələr sübut edir ki, ermənilər Qafqaza gəlmə xalqdırlar. Hətta filoloji mənbələr təsdiq edir ki, erməni dilinin Qafqaz dilləri ailəsinə aiddiyatı yoxdur. Arxeoloji abidələrin dərindən öyrənilməsi də təsdiq edir ki, indiki Ermənistan ərazisində XIX əsrdən əvvəlki dövrə aid bir dənə də olsun ermənilərə məxsus tarixi abidə yoxdur. Ermənilərin Dağlıq Qarabağla bağlı ərazi iddiası ümumiyyətlə, onların tarixi Azərbaycan torpaqlarına əvvəlcə ovuc-ovuc, sonra qarış-qarış və nəhayət quca-qucaq artan ərazi iddialarının ən yüksək pilləsidir.

Azərbaycan dövlətinin xarici siyasətinin ana xəttində Dağlıq Qarabağ probleminin həlli durur. Azərbaycan hakimiyyətinin xarici siyasətinin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal işləməsinin məntiqi nəticəsidir ki, artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan dövlətlər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar. Dövlətin xarici siyasəti Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəldilib.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqe üstünlük təşkil edir. Sözsüz ki, Azərbaycanın mövqeyinin düsturu sadədir - münaqişə öz həllini beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Azərbaycanın həmişə ortaya qoyduğu ənənəvi prinsipləri məhz bunlardır.

Bunu dövlət başçısı İlham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edir. Prezident həmişə çıxışlarında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq, Azərbaycanın razılığı olmadan bu, mümkün deyil. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz.

Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bu mövqeni Ermənistan və münaqişənin həllində maraqlı olan dövlətlər həzm edə biləcəksə, problem sülh yolu ilə həll ediləcək. Əks halda müharibə qaçılmaz olacaq. Təsadüfi deyil ki, Azərbaycan sülh danışıqlarını aparmaqla paralel hərbi potensialını gücləndirir. Azərbaycanın Milli Ordusu son illər ərzində böyük və uğurlu yol keçmişdir. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanları var. Azərbaycan ordusunun həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanları genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq dörd ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə edir. Bütün bunlar göstərir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilər. Azərbaycanın tam hüququ var ki, öz torpaqlarını hərbi yolla azad etsin. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Əgər Ermənistan fikirləşir ki, Azərbaycan bu danışıqlarda daima iştirak edəcək, yanılır.

Azərbaycan o vaxta qədər danışıqlarda olacaq ki, problemin sülh yolu ilə həllində ümidi var. Sözsüz ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzatmaq üçün qeyri-konstruktiv mövqeyindən əl çəkməsə və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyəcəksə, o zaman danışıqlara son qoyulacaq. Beynəlxalq təşkilatların qərarları, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi Azərbaycana imkan verir ki, öz torpağını hərbi yolla işğalçılardan azad etsin.
Azərbaycan heç zaman ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. 1918-ci ildə İrəvan Ermənistana bağışlandı. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı. İndi ikinci erməni dövlətini yaratmaq istəyi baş tutmayacaq. Azərbaycan işğalçı dövlət deyil ki, danışıqlarda nəyəsə güzəştə getsin. Azərbaycanın ən böyük güzəşti danışıqlarda iştirak etməsidir.

Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk dövrlərdən ermənilər Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına və Ermənistana birləşdirilməsinə çalışıblar, lakin beynəlxalq ictimaiyyət Azərbaycanın dəyişməz olan ərazi bütövlüyünü tanıdığı üçün bu, mümkün deyil. Beynəlxalq hüquq sistemi əsas iki prinsipi özündə birləşdirir - dövlətin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını həll etmək hüququ. Millətlərin öz müqəddəratını həll etmək məsələsinə gəldikdlə isə, erməni xalqı artıq bir dəfə öz müqəddəratını müəyyən edərək tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaradıb. Dünyada heç bir xalqın ikinci dəfə öz müqəddaratını təyin etmək hüququ yoxdur.

Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər beynəlxalq hüquq normalarını tapdalayırdı, "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncəvermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud şəkildə pozurdu. Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşıarəna qarşı məqsədli soqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib.

Beləliklə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanmış və şikəst olub. Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilib, yandırılıb və dağıdılıb, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılıb, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilib. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılıb. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəyib.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınıb. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olub. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Bütün sadalanan faktlar göstərir ki, ermənilər nəyinki Azərbaycan ərazilərini işğal edib, hətta sülh və insanlığa qarşı cinayətlər törədiblər.
Ermənilər bütün dövrlərdə Dağlıq Qarabağ amilindən sui-istifadə etməyə cəhd göstəriblər. Həmişə də bir qayda olaraq bu niyyətlərində uduzublar. Təbii ki, erməni millətçiləri nə qədər cəhd etsələr də, hansısa dövlətlərin himayəsinə sığınsalar da fərqi yoxdur, bu dəfə də onların niyyətləri baş tutmayacaq. Azərbaycan dövləti istər siyasi yolla olsun, istərsə də hərbi yolla öz torpaqlarını işğalçılardan azad edəcək.

Yazı Azərbaycan Prezidenti Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

Xəbər lenti

Xəbər lenti