...

Azərbaycanın Dağlılq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Dağlılq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

"Xocalıda həyata keçirilən soyqırım erməni millətçilərinin uzun illər azərbaycanlılara qarşı apardığı terror və qətliam, etnik təmizləmə və deportasiya siyasətinin qanlı səhifəsidir", - cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyində keçirilən tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının dünya ictimaiyyətinə qəbul etdiyi müraciətdə bildirilir.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən çox diinc sakin ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Sənəddə qeyd edilir ki, 1988-ci ilin fevralında erməni millətçiləri Ermənistan Respublikasının dəstəyi ilə Dağlıq Qarabağda təcavüzkar separatizmi alovlandıraraq bölgədəki azərbaycanlı əhaliyə qarşı etnik təmizləməyə başlayıblar. Bunun nəticəsində 1992-ci ilin əvvəlinədək Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı onlarla kənd işğal olunub, yüzlərlə insan qətlə yetirilib. "Xocalı soyqırımı bu qanlı cinayətlərin sırasında ən dəhşətli hadisədir. Erməni dəstələri bu şəhəri yerlə-yeksan etməklə Dağlıq Qarabağın azərbaycanlı əhalisi arasında kütləvi xof yaratmaq, etnik təmizləmə siyasətini başa çatdırmaq məqsədi güdürdü", - müraciətdə vurğulanır.

Xocalı soyqırımından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün daha geniş miqyas alması bunun təsdiqidir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hazırda ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanın işğalına son qoyulması və öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə tezliklə qayıtması məqsədilə aparılan danışıqları dəstəkləyir və dünya birliyinin, beynəlxalq təşkilatların bu prosesdə daha fəal olmasını gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti