...

Prezidentlərin növbəti görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Hacıyev/

Prezidentlərin növbəti görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

"Artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərin imitasiyası üçün məkan daralıb. Ona görə də, prezidentlərin növbəti görüşü ümidvericidir. Kazan görüşü münaqişənin həlli istiqamətində həlledici mərhələdir. Bu görüşdən sonra ya Rusiya tərkibində separatizmə rəvac veriləcək, ya da MDB-də separatizm problemləri tamamilə həll olunacaq", - o qeyd edib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşü iyunda keçiriləcək.

Əhmədoğlu bu yaxınlarda Ermənistan Prezidenti Serj Sərkisyanın SSRİ-nin dağılmasında Dağlıq Qarabağ münaqişəsinin rolu olduğu barədə səsləndirdiyi fikrə də toxunub.

"Bu yaxınlarda Ermənistan Prezidenti təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılması üçün əsas olub. Biz uzun müddətdir dünyaya çatdırmaq istəyirik ki, ermənilər konfliktogendir, onlar heç bir dövlətin tərkibində həmin dövlətə sədaqətlə yaşamayıblar və hər dəfə həmin dövləti içdən dağıtmağa cəhd ediblər. Bu dəfə erməni prezident özü bunu sübuta yetirdi", - o vurğulayıb.

Politoloq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın verdiyi bəyanata da münasibət bildirib.

"Bordyuja deyib ki, Azərbaycan regionda vəziyyəti gərginləşdirmək istəyir. Bununla o, demək istəyir ki, mümkün mübaribə olacağı təqdirdə KTMT Ermənistanı müdafiə edəcək. Lakin Bordyujanın verdiyi bəyanatın heç bir gücü yoxdur, çünki KTMT-nin bir çox üzvlərinin Azərbaycanla münasibətləri yaxşıdır və onlar heç bir halda Azərbaycana qarşı addımlar atmayacaqlar. Yaxın bir il ərzində ya bu bəyanat təkzib ediləcək, ya da Bordyujanın özü haqqında ciddi ölçü götürüləcək. Çünki bu məsələyə Azərbaycan hökuməti biganə yanaşmayacaq", - Əhmədoğlu əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti