Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Dağlıq Qarabağda seçki adı altında həyata keçirilən oyunlar erməni tərəfinin öz qanunsuz hərəkətlərinə don geyindirmək cəhdidir. Dağlıq Qarabağ separatçılarının oktyabrın 14-də "bələdiyyə seçkiləri" keçirmək haqda verdikləri qərara münasibət bildirən Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov belə deyib.
MSK katibi qeyd edib ki, beynəlxalq qanunlara və hüquq normalarına əsasən, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada hər hansı bir fəaliyyət Azərbaycan qanunları əsasında həyata keçirilməlidir: "Əgər orada aparılan istənilən fəaliyyət və fəaliyyətsizlik Azərbaycan qanunlarına ziddirsə, deməli həmin hərəkətlər qanunsuzdur. Çünki həmin ərazidə Azərbaycan Konstitusiyası və qanunları qüvvədədir. Dağlıq Qarabağda keçirilən seçkilər də Azərbaycan Konstitusiyasına və qanunlarına əsaslanmalıdır".
Məmmədov hesab edir ki, Dağlıq Qarabağ separatçılarının oktyabrın 14-də "bələdiyyə seçkiləri" keçirmək istəyi yalnız və yalnız oyuncaq seçki görüntüsü yaratmaq cəhdidir: "Ermənilər bu hərəkətlərindən əl çəkmirlər. Baxmayaraq ki, Azərbaycan neçə illərdir ki, sülh yolu və danışıqlar vasitəsi ilə bu münaqişəni həll etməyə çalışır. Böyük məntiqə görə danışıqlar aparılan zaman bu cür hərəkətlərin edilməsi bu prosesə mane olmaq cəhdindən başqa bir şey deyil".
MSK nümayəndəsi deyib ki, ermənilərin işğal etdikləri Dağlıq Qarabağda heç bir qurum, sturuktur yoxdur ki, müstəqil şəkildə öz müqəddəratını müəyyən etsin və seçki keçirsin. Ona görə də heç bir legitimlikdən söhbət gedə bilməz.
"Hazırda Dağlıq Qarabağ hüquqi cəhətdən boş ərazidir və yalnız müvəqqəti olaraq müəyyən separatçı qrup tərəfindən əldə saxlanılır. Eyni zamanda bölgənin azərbaycanlı əhalisi zorla oradan köçürülüb və onların hüquqları pozulub. Həmin separatçı rejimə qanuni don geyindirmək üçün bu cür şoular təşkil olunur, seçki görüntüsü yaradılır.Orada seçkidən, prezidentlik institutundan, bələdiyyədən söhbət gedə bilməz. Yalnız Azərbaycan qanunları əsasında keçiriləcək seçki və digər fəaliyyət olarsa, bunu seçki adlandırmaq olar".
Məmmədov bildirib ki, MSK Azərbaycanda bütün seçki və referendumları hazırlayan, həyata keçirən və rəhbərlik edən qurum kimi bu məsələyə laqeyid qalmayacaq, buna münasibət bildirəcək: "Biz istəyirik ki, dünya ictimaiyyəti bu cür fəaliyyəti olduğu kimi qəbul etsin".
Dağlıq Qarabağı işğal altında saxlayan erməni separatçılarının oktyabrın 14-də keçirmək istədikləri "bələdiyyə seçkiləri"nin təbliğat mərhələsinə start verilib.